Yaponiyada işsizlik son 25 ildə ən aşağı həddə düşüb. YeniAvropa yerli KİV-lərə istinadla xəbər verir ki, cari ilin yanvarında ölkədə işsizlik səviyyəsi 2,4 faiz təşkil edib. Bu, əvvəlki ayın göstəricisindən 0,3 faiz aşağı olmaqla yanaşı, həm də 1993-cü ildən bəri isə ən aşağı göstəricidir.
Ölkədə 65 milyon nəfər işlə təmin edilib ki, bu da əvvəlki ildə olduğundan 920 min nəfər çoxdur. Məşğulluq son beş ildə dayanmadan artıb.
Bununla yanaşı, boş iş yerlərinin sayı iş axtaranların sayı ilə müqayisədə yüksək olaraq qalır və əvvəlki ayda olduğu kimi 1,59-a bərabərdir. Bu isə o deməkdir ki, hər 100 iş axtarana 159 iş yeri təklif olunur.
Rəsmi nümayəndələrin bildiridiyinə görə, burada istehsal sahələri üstünlük təşkil edir. Xüsusən avtomobil, yarımkeçiricilər və smartfon istehsalçıları daha çox iş yeri təklif edirlər. Həmin sahələrdə fəaliyyət göstərən şirkətlərdə boş iş yerlərinin sayının artmaqda davam edəcəyi gözlənilir.