Dekabrın 19-da səhər saatlarında Yaponiyada ədliyyə naziri Yoko Kamokavanın təsdiq etdiyi sərəncamdan sonra iki ölüm hökmü icra edilib.
Haqqında ölüm cəzası çıxarılanlardan birinin - Teruhiko Sekinin cinayəti “həddi-buluğa çatmayanın işi” kimi qəbul edilirdi. Belə ki, o həmin cinayəti 19 yaşı olarkən törətmişdi. Mövcud qanunvericiliyə görə, Yaponiyada 20 yaşı tamam olmayan şəxs həddi-buluğa çatmamış hesab edilir. Məhz həmin yaşdan sonra cinayət məsuliyyəti tətbiq olunur. Bu şəxs 1992-ci ilin martında dörd nəfərdən ibarət ailəni qətlə yetirərək qarət edib. Hökm icra edilərkən onun 44 yaşı tamam olub.
İkinci cinayətkar Kiyoşi Matsui isə 1994-cü ildə üç nəfəri – sevgilisini və onun valideynlərini qətlə yetirib.
Yaponiyada bundan əvvəlki ölüm hökmləri cari ilin iyulunda icra edilib. Baş nazir Şinzo Abe 2012-ci ilin dekabrında həmin vəzifəyə seçildikdən sonra 12 dəfə icra edilən ölüm hökmləri zamanı 21 nəfər edam edilib.
Hazırda bu ölkədə 130 nəfər barələrində çıxarılan ölüm hökmünün icrasını gözləyir. Yaponiyada adətən ölüm hökmü məhkəmə tərəfindən bu barədə qərar qəbul edildikdən bir neçə il sonra icra edilir.
Bu ölkədə ölüm hökmü kəndirdən asılma yolu ilə icra edilir. Aparılan sorğuların nəticələrinə görə, ölkə əhalisinin 85 faizi ölüm hökmünün saxlanılmasını dəstəkləyir.AZƏRTAC