logo

Polşa prezidenti bazar günləri ticarəti qadağan edən qanunu imzalayıb

11:09 31-01-2018 | icon 2345
Polşa prezidenti bazar günləri ticarəti qadağan edən qanunu imzalayıb

Yanvarın 30-da Polşa Prezidenti Anjey Duda həftənin bazar günü ticarəti qadağan edən qanunu imzalayıb. Bir müddət öncə seym 156 səsə qarşı 254 səslə bu barədə müvafiq qanun qəbul etmişdi. YeniAvropa xarici KİV-lərə istinadla xəbər verir ki, qanun 2018-ci ilin matından 2020-ci ilin yanvarınadək müəyyənləşdirilən keçid dövrü ərzində tədricən qüvvəyə minəcək. Mağazalar martdan başlayaraq ayın yalnız ilk və son bazar günləri, 2019-cu ildə yalnız ayın son bazar günü ticarətlə məşğul ola biləcək. 2020-ci ildən başlayaraq həftəsonu ticarətinə tam qadağa tətbiq olunacaq.

Qanunda bir neçə istisnalar nəzərdə tutulub. Bazar günləri yalnız internet-mağazalar və yanacaqdoldurma məntəqələrində yerləşən ticarət obyektləri fəaliyyət göstərəcək. Qanunu pozanları cərimə və ya azadlıqdan məhrumetmə cəzası gözləyir.

Polşanın Baş naziri Mateuş Moravetski qanunu şərh edərkən onu dəstəklədiyini bildirib və bu cür məhdudiyyətlərin Avropa İttifaqının bəzi ölkələrində mövcud olduğunu qeyd edib.

Qanunun əleyhdarları isə yeni qaydaların, ilk növbədə, Şərqi Polşadakı sərhədyanı rayonlarda yerləşən mağazalara mənfi təsir göstərəcəyini iddia edirlər. Belə ki, təkcə Belorus vətəndaşları Polşa mağazalarında 100 milyon avrodan çox pul xərcləyirlər.