logo

İsveçdə bir sıra dövlət idarələri paytaxtdan köçürüləcək

10:07 23-01-2018 | icon 2338
İsveçdə bir sıra dövlət idarələri paytaxtdan köçürüləcək

İsveç hökuməti bir sıra dövlət idarələrini paytaxtdan digər şəhərlərə köçürmək fikrindədir. YeniAvropa xəbər verir  ki, İsveç hökumətinin yaydığı məlumata əsasən, tezliklə doqquz dövlət idarəsinin Stokholmdan ölkənin digər regionlarına köçürülməsi həyata keçiriləcək.

Dövlət müəssisələrinin köçürülməsi qismən və ya mövcud olan dövlət strukturlarının fəaliyyətinin genişləndirilməsi yolu ilə həyata keçiriləcək, bəzi hallarda isə idarələr bütünlüklə başqa şəhərlərə köçürüləcək.

Krallıq hökuməti öz qərarını onunla əsaslandırır ki, insanlar yaşayış yerinə bağlanmadan işləmək imkanı əldə etməlidir. Bu qərar, həmçinin ölkənin regionlarının inkişafına şərait yaradır. Planlara əsasən, idarələr, o cümlədən 900 iş yeri Malmö, Göteborq, Kristianstad, Mölndal, Buros və Botkurke şəhərlərinə köçürüləcək. Məsələn, Sosial Sığorta Müfəttişliyi Krallığın ikinci ən böyük şəhəri olan Göteborqda fəaliyyət göstərəcək. İsveçin digər iri şəhəri olan Malmöyə isə Stokholmdan Gömrük İdarəsinin ayrı-ayrı xidmətləri köçürüləcək. Hökumət digər şəhərlərdə Nəqliyyat İdarəsi və İqtisadi İnkişaf Agentliyinin regional ofislərini yaratmağı nəzərdə tutur.

Yerli jurnalistlər qeyd edirlər ki, bu addımlar İsveç üçün yenilik deyil. Belə ki, təkcə ötən il 12 dövlət müəssisəsinin Stokholmdan başqa şəhərlərə köçürülməsi haqqında qərar verilib. Hökumətin yeni qərarı əvvəlki tədbirləri nəzərə almaqla, paytaxt hüdudlarından kənarda iki mindən çox yeni iş yerinin açılmasına şərait yaradacaq.