logo

Türkiyənin Kilis şəhərinə dörd raket atılıb

10:07 21-01-2018 | icon 2331
Türkiyənin Kilis şəhərinə dörd raket atılıb

Türkiyənin Kilis şəhərinin mərkəzinə Suriya istiqamətindən qısa fasilələrlə dörd raket atılıb, bir neçə bina zədələnib.YeniAvropa xəbər verir  ki,  bu haqda "Anadolu" agentliyi məlumat yayıb. Xəbərdə qeyd edilir ki,  ilkin məlumata görə, raketlərdən üçü iki evə və bir iş yerinə, digəri isə boş əraziyə düşüb. Hadisə nəticəsində şüşə qırıntıları toxunan bir nəfər yüngül yaralanıb. Binalarda meydana gələn kiçik miqyaslı yanğınlar söndürülüb. Ərazidə bir sıra təhlükəsizlik tədbirləri görülüb.

Son məlumata görə, Kilis vilayətinin bir sıra sərhədyanı kəndləri 15 gün müddətində xüsusi təhlükəsizlik zonası elan olunub. Bölgə sakinlərindən başqa, digər şəxslərin əraziyə girişinə qadağa qoyulub.

Xatırladaq ki, şənbə günü Türkiyə Silahlı Qüvvələrinin Baş qərargahı Suriyanın Afrin bölgəsində əməliyyata başladığını elan edib. Əməliyyat yerli vaxtla saat 18:00-da start götürüb. “Zeytun budağı” adlandırılan antiterror əməliyyatının ilk saatlarında havaya qaldırılan 72 təyyarə müəyyən olunmuş 113 terror hədəfindən 108-ni vurub.

Bu gün bölgədə quru əməliyyatlarının başlanacağı gözlənilir.