Qazaxıstanda dəhşətli yol-nəqliyyat hadisəsi ilə bağlı hökumət komissiyası yaradılıb
Qazaxıstanın Aktobe vilayətində çoxsaylı insan tələfatına səbəb olan dəhşətli yol-nəqliyyat hadisəsi ilə əlaqədar xüsusi hökumət komissiyası yaradılıb. YeniAvropa "Kazinform" informasiya agentliyinə istinadla xəbər verir ki, bunu jurnalistlərə Qazaxıstan Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Almas Sadubayev bildirib.
“Aktobe vilayətində baş verən hadisənin səbəblərinin araşdırılması, həmçinin faciə nəticəsində xəsarət alanlara və həlak olanların ailələrinə hərtərəfli yardım göstərilməsi üçün xüsusi hökumət komissiyası yaradılıb”, - deyə Almas Sadubayev qeyd edib.
Onun sözlərinə görə, komissiyanın tərkibinə daxili işlər nazirinin müavini Erlan Turqumbayev, səhiyyə nazirinin müavini Aleksey Tsoy, investisiya və inkişaf nazirin müavini Roman Sklyar, Xarici İşlər Nazirliyinin departament direktoru Ardak Madiyev, həmçinin hüquq mühafizə və digər orqanların nümayəndələri daxildir.
Xatırladaq ki, son məlumata əsasən, Qazaxıstanın Aktobe vilayətində sərnişin avtobusunun yanması nəticəsində 52 nəfər həlak olub.
Qazaxıstan Daxili İşlər Nazirliyinin Fövqəladə Hallar Komitəsinin rəsmi nümayəndəsi Ruslan İmankulovun sözlərinə görə, “İkarus” markalı avtobus hərəkətdə olarkən alışıb. Yanan avtobusdan yalnız beş sərnişin sağ çıxa bilib. Qalan 52 nəfər isə hadisə yerində həlak olub.
Hadisə yerli vaxtla saat 10:30-da (Bakı vaxtı ilə saat 8:30) Çimkənt-Samara avtomobil trasında baş verib. Özbəkistandan Rusiyaya gedən avtobusda 54 Özbəkistan və 3 Qazaxıstan vətəndaşı olub. Aktobe vilayətinin Fövqəladə Hallar Departamentinin məlumatına görə, həlak olanların hamısı Özbəkistan vətəndaşlarıdır.