logo

İstanbulda Türk dünyasının ilk ticarət sərgisi açılıb

15:55 07-11-2024 | icon 791
İstanbulda Türk dünyasının ilk ticarət sərgisi açılıb

Bu gündən İstanbulda ilk dəfə Türkdilli Dövlətlərin Ticarət və İnvestisiya Əməkdaşlıq Forumu və Sərgisi (Türk Ticarət Sərgisi) açılıb.

YeniAvropa xəbər verir ki, Türkiyənin Ticarət Nazirliyinin himayəsində ROK Beynəlxalq Konsaltinq şirkəti tərəfindən, Türk Dövlətləri Təşkilatının Türk Ticarət və Sənaye Palatalar Birliyinin əməkdaşlığı ilə açılan sərginin məqsədi türkdilli dövlətlərin iş adamlarının iqtisadi əlaqələrini daha da inkişaf etdirmək və gücləndirməkdir.

Sərgidə ölkəmiz Azərbaycanın Türkiyədəki Ticarət Nümayəndəliyi tərəfindən təmsil edilir.

Tədbirin açılışında çıxış edən Türk Ticarət və Sənaye Palatalar Birliyinin baş katibi Adem Kula rəhbərlik etdiyi qurumun iş və investisiya forumlarını müəyyən aralıqlarla təşkil etdiklərini xatırladaraq, ilk dəfə həyata keçirilən bu sərginin bütün Türk dünyası üçün əhəmiyyətini vurğulayıb. Kula sərgiyə xaricdən qatılan qonaqlara təşəkkür edərək, Türkiyədəki iş adamları, şirkətlər və sahibkarlar vasitəsilə Azərbaycan, Qazaxıstan, Özbəkistan, Türkmənistan, Şimali Kipr Türk Cumhuriyyəti və Macarıstandakı iş dünyasının nümayəndələri ilə əlaqələr qurmağa hazır olduqlarını bildirib.

Sərginin təşkilatçısı, ROK-un rəhbəri, azərbaycanlı vəkil Aygün Əliyeva tədbirin şirkətlərin düzgün əməkdaşlıqlar qurmasına kömək edəcəyi, Türk dövlətləri arasında güclü körpülər yaradacağına inamını ifadə edib. O, bundan sonra da bu kimi tədbirlərin təşkilini davam edəcəklərini, hər il birlikdə daha da genişləndiriləcəyini deyib.

Türk dövlətlərinin iş adamlarının bir araya gəlməsi ilə əhəmiyyətli körpü yaratmaq və beynəlxalq tərəfdaşlarla ticarət əlaqələri qurmağı hədəfləyən sərgidə, 20-dən çox sahədə məhsul qrupları və yeni texnologiyalar nümayiş etdirilir. Sərginin məqsədi, türk dövlətləri arasında ticarət, sənaye, investisiyalar, texnologiya, xidmətlər və digər iqtisadi sahələrin inkişaf etdirilməsi, ölkələrin müxtəlif sahələrdə qazandığı inkişaf təcrübələrinin digər ölkələrlə paylaşılması və Türk Dünyası arasındakı ticarətin asanlaşdırılması və investisiyaların təşviqinə dair işlərin aparılmasıdır.

İş adamlarının bilik və təcrübələrini paylaşdığı sərgi istehsalçı, idxalçı və ixracatçıları bir araya gətirərək istehsal, ticarət fəaliyyətlərini artırmağı, yerli KOBİ-lərə, mikro istehsalçılara, təşəbbüskarlara yeni bazar imkanları təqdim etməyi, regional və qlobal istehsal zəncirləri ilə birləşərək fərqli bazarlara daxil olmaq üçün imkanlar yaratmağı hədəfləyir.

Sərgi noyabrın 9-dək davam edəcək.