logo

İlon Maskın sərvəti bir gündə 26,5 milyard dollar artıb

11:33 07-11-2024 | icon 210
İlon Maskın sərvəti bir gündə 26,5 milyard dollar artıb

ABŞ-da keçirilən prezident seçkilərində qalib gələn respublikaçı Donald Trampı açıq şəkildə dəstəkləyən “SpaceX” korporasiyasının qurucusu İlon Maskın sərvəti “Tesla” şirkətinin səhmlərinin təxminən 15 faiz bahalaşması fonunda 26,5 milyard dollar artıb.

YeniAvropa xəbər verir ki, bu barədə məlumat “Bloomberg” tərəfindən dərc olunan Milyarderlər İndeksində (Bloomberg Billionaires Index) yer alıb.

Qeyd edilir ki, ümumi sərvəti 290 milyard dollara çatan Mask reytinqdə birinci yeri tutmaqda davam edir. İkinci yerdə sərvəti 228 milyard dollar qiymətləndirilən onlayn pərakəndə satış şirkətinin qurucusu Ceff Bezos, üçüncü yeridə isə 202 milyardlıq sərvətlə “Meta” korporasiyasının başçısı Mark Zukerberq qərarlaşıb.

Məlumata görə, noyabrın 6-da (seçkilərin ilkin nəticələri elan olunduqdan sonra) “Tesla” səhmlərinin qiyməti 14,75 faiz artaraq 288,53 dollar təşkil edib.

İlon Mask 2024-cü ilin iyul ayından Donald Trampı fəal surətdə dəstəkləyir. Yenidən prezident seçilən Tramp onun saxtakarlıq və səmərəsizliyin aradan qaldırılması üçün audit və islahatlar aparacaq hökumət komissiyasına rəhbərlik etməsini istəyir. Mask bu təklifi qəbul etməyə hazır olduğunu bildirib.