Azərbaycan-Ermənistan dövlət sərhədinin delimitasiyası üzrə komissiyasının X görüşü keçirilib
2024-cü il noyabrın 1-də Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sərhəddə Azərbaycanın baş nazirinin müavini Şahin Mustafayev və Ermənistanın baş nazirinin müavini Mher Qriqoryanın sədrliyi altında Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın onuncu görüşü keçirilib.
YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin mətbuat xidmətindən bildirilib.
Görüşdə komissiyaların birgə fəaliyyəti haqqında 2024-cü il avqustun 30-da imzalanmış Əsasnamənin 7-ci maddəsinə uyğun olaraq, görüş zamanı Tərəflər həmin Əsasnamənin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların onların dövlətləri tərəfindən yerinə yetirilməsi barədə bildirişləri mübadilə ediblər.
Əsasnamənin 7-ci maddəsinin bu cür prosedurların yerinə yetirilməsi barədə sonuncu yazılı bildirişin alındığı gündə onun qüvvəyə minməsini təsbit etməsini nəzərə alaraq, Tərəflər vurğulayıblar ki, sözügedən Əsasnamə 2024-cü il noyabrın 1-də qüvvəyə minir.
Tərəflər növbəti mərhələdə delimitasiya işlərinin həyata keçirilməsi üçün sərhəd xəttinin sahələrinin/hissələrinin ardıcıllığı məsələsi ətrafında fikir mübadiləsi aparıblar.
Tərəflər delimitasiya işlərinin görülməsinin qaydası üzrə müvafiq təlimatların layihələrini müzakirə ediblər.
Tərəflər növbəti görüşün keçirilməsinin tarixini və yerini işçi qaydada müəyyən etmək barədə razılığa gəliblər.
Komissiyaların görüşü başa çatdıqdan sonra Şahin Mustafayev və Mher Qriqoryan ayrıca olaraq nəqliyyat kommunikasiyaları məsələlərini də müzakirə ediblər.