logo

Azərbaycan müəllimlərinin XVI qurultayı keçirilir

10:10 15-12-2023 | icon 1428
Azərbaycan müəllimlərinin XVI qurultayı keçirilir

Bakı Konqres Mərkəzində Azərbaycan müəllimlərinin XVI qurultayı öz işinə başlayıb.

YeniAvropa xəbər verir ki,qurultaya ümumi, orta ixtisas, peşə, ali təhsil və elmi müəssisələrdən 1600-dən çox nümayəndə qatılıb.

Qurultay Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanıb. Tədbirdə şəhidlərin, eləcə də şəhid olmuş təhsil işçilərinin xatirəsi bir dəqiqəlik sükutla anılıb. Mərasimdə ulu öndər Heydər Əliyevə və şəhid olan müəllimlərə həsr edilmiş videoçarx nümayiş edilib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin qurultay iştirakçılarına təbrik məktubunu Prezident Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva oxuyub.

Tədbirdə elm və təhsil naziri Emin Əmrullayev hesabat məruzəsi ilə çıxış edib.

Qurultayın birinci günündə “Ümummilli Lider Heydər Əliyev və Azərbaycan təhsili”, “İşğaldan azad edilmiş ərazilərə “Böyük Qayıdış”, “Azərbaycan dili yeni çağırışlar müstəvisində”, “Rəqəmsallaşma, süni intellekt və təhsilin transformasiyası”, “Ümumi təhsilin məzmununa müasir yanaşmalar”, “Ümumi təhsilin idarə olunmasına müasir yanaşmalar”, “Peşə təhsili və gələcək üçün bacarıqlar”, “Müəllim hazırlığı və müəllimlərin peşəkar inkişafının prioritet məsələləri”, “Elm və ali təhsilin inteqrasiyası”, “Sağlamlıq imkanları məhdud şəxslərin təhsilə cəlbi: inklüziv, inteqrasiyalı və xüsusi təhsil”, “Məktəbəqədər təhsilin məzmunu və əhatə dairəsinin genişləndirilməsi” mövzularında panel sessiyaları keçiriləcək.

İki gün davam edəcək qurultayda dövlət və hökumət rəsmiləri, Milli Məclisin deputatları, media qurumlarının rəhbərləri, beynəlxalq, özəl, eləcə də qeyri-hökumət təşkilatlarının nümayəndələri, təhsil işçiləri, ekspertlər və digər qonaqlar iştirak edirlər.