logo

Allahşükür Paşazadə Özbəkistana TDT Müsəlman Dini İdarə rəhbərləri Şurasının görüşünə gedir

13:53 23-11-2023 | icon 1778
Allahşükür Paşazadə Özbəkistana TDT Müsəlman Dini İdarə rəhbərləri Şurasının görüşünə gedir

Noyabrın 24-də Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadənin rəhbərlik etdiyi nümayəndə heyəti Özbəkistan Respublikasına səfərə yola düşəcək.

YeniAvropa xəbər verir ki, bu barədə QMİ-dən bildirilib. Qeyd edilib ki,  şeyxülislam A.Paşazadə paytaxt Daşkənd şəhərində keçiriləcək Türk Dövlətləri Təşkilatının Müsəlman Dini İdarə rəhbərləri Şurasının IV görüşündə iştirak edəcək.

Görüşə, həmçinin Türkiyə, Özbəkistan, Qazaxıstan, Qırğızıstan və Türkmənistanın dini liderləri, TDT-nin Baş katibi Kubanıçbek Ömüralıyev qatılacaqlar.

Şeyxülislam A.Paşazadə Özbəkistanda daha iki mühüm tədbirdə - Daşkənddə İmam Maturidinin irsinin tədqiqinə həsr olunmuş konfransda və Buxarada Mir-Ərəb Ali Mədrəsəsinin 500 illiyi münasibətilə keçiriləcək beynəlxalq forumda iştirak edəcək.

QMİ sədri A.Paşazadə tədbirlərdə məruzələrlə çıxış edəcək.

Qədim təhsil ocağının (Mir-Ərəb Ali Mədrəsəsi) məzunu olmuş şeyxülislam A.Paşazadə Buxarada tələbə yoldaşları, burada oxuyan tələbələr, həmçinin şəhərin hakimi ilə görüşəcək.

Noyabrın 28-dək davam edəcək səfər müddətində nümayəndə heyətinin Özbəkistan torpağında bir sıra görüşlər keçirəcəyi, rəsmilər tərəfindən qəbulu, KİV-də çıxışları və qardaş ölkənin dini-mədəni abidələri ilə tanışlıq nəzərdə tutulur.

Xatırladaq ki, TDT nəzdində yaradılmış üzv dövlətlərin Müsəlman Dini İdarə rəhbərləri Şurasının daha əvvəl İstanbulda, Türküstanda və Bakıda görüşləri baş tutub, Şuranın Əsasnaməsi ötən il Şuşada imzalanıb.