logo

Dərnəgüldəki "taxta bazarı"nda baş verən yanğınla bağlı cinayət işi açılıb

11:11 23-11-2023 | icon 1470
Dərnəgüldəki "taxta bazarı"nda baş verən yanğınla bağlı cinayət işi açılıb

Bakıda inşaat materialları bazarında baş vermiş yanğınla bağlı cinayət işi başlanıb.

YeniAvropa xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi və Baş Prokurorluğun mətbuat xidmətlərinin birgə yaydığı məlumatda bildirilib.

Qeyd edilib ki, noyabrın 23-də paytaxtın Nərimanov rayonunun Dərnəgül şosesindəki Bakı Şəhəri Ticarət və Xidmət Departamentinin Yeraltı keçidlər üzrə ticarət birliyinin mülkiyyətində olmaqla icarəyə verilmiş ticarət mərkəzinin (“Dərnəgül taxta bazarı”) ərazisində yanğın baş verməsi barədə daxil olmuş məlumat əsasında dərhal Fövqəladə Hallar Nazirliyinin qüvvələri hadisə yerinə cəlb olunub.

Hadisə nəticəsində ayrı-ayrı sahibkarlara məxsus ticarət obyektlərinin içərisindəki müxtəlif çeşidli (taxta-şalban və s.) mallar yanğının təsirinə məruz qalıb.

Bundan başqa, hadisə zamanı 1962-ci il təvəllüdlü sahibkar Razi Qasımovun vəfat etməsi müəyyən olunub.

Hadisə yerinə xüsusi texniki vasitələr və canlı qüvvə cəlb edilməklə yanğının söndürülməsi istiqamətində operativ və təxirəsalınmaz tədbirlər davam etdirilir.

Fakta görə FHN-in Əməliyyat-istintaq idarəsində Cinayət Məcəlləsinin 225.2-ci maddəsi ilə (yanğın təhlükəsizliyi qaydalarını pozma) cinayət işi başlanıb.

Yanğının səbəbini və dəymiş ziyanın həcminin müəyyənləşdirilməsi üçün iş üzrə məhkəmə yanğın-texniki və əmtəəşünaslıq ekspertizaları, həmçinin Razi Qasımovun ölüm səbəbinin müəyyən edilməsi üçün məhkəmə-tibbi ekspertiza təyin olunub.

Yanğın söndürüldükdən sonra hadisənin başvermə səbəbləri və dəymiş ziyanın müəyyənləşdirilməsi üzrə istintaq hərəkətləri həyata keçiriləcək.

Hazırda zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.