Azərbaycandakı mina qurbanları və bu sahədə fəaliyyət göstərən QHT-lər AŞ PA prezidentinə açıq məktub ünvanlayıblar.
YeniAvropa xəbər verir ki, bu barədə noyabrın 22-də Beynəlxalq Avrasiya Mətbuat Fondunda keçirilən tədbirdə bildirilib.
Məktubda deyilir: “Biz – Ermənistanın və onun hərbi birləşmələrinin mina terrorundan əziyyət çəkən qurbanlar, onların ailə üzvləri, yaxınları, bu sahədə fəaliyyət göstərən vətəndaş cəmiyyəti təşkilatları olaraq, Avropa Şurası Parlament Assambleyasının Prezidenti cənab Tini Koksa, AŞPA deputatlarına açıq məktubla müraciət edirik. Biz, bu günlərdə Bakıda səfərdə olmuş AŞPA-nın Azərbaycan üzrə məruzəçisinin Ermənistanın Azərbaycana qarşı mina müharibəsində zərər çəkmiş şəxslərlə, onların ailə üzvləri, mina problemi üzrə ixtisaslaşmış QHT-lərlə görüşlərdən imtina etməsini Avropa Şurası dəyərlərinin ələ salınması, insan hüquq və azadlıqlarına qarşı hörmətsizlik kimi qəbul edirik”.
Həmçinin açıq məktubda AŞPA kimi özünü insan hüquqları təsisatı adlandıran bir təşkilatın bəzi dövlətlərin, dairələrin əlində oyuncağa çevrilməsi qəti şəkildə pislənilib.
“Ermənistanın mina terrorundan necə əziyyət çəkdiyimizi, nələr itirdiyimizi, ailələrimizin, yaxınlarımızın əlilliyimizə görə hansı iztirablar içərisində olduğunu görün. Biz də insanıq, bizim də hüquqlarımız və arzularımız var. Əgər Avropa Şurası, Avropa Şurasının Parlament Assambleyası həqiqətən insan hüquqları təsisatıdırsa, bizi eşitmək, bizə kömək etmək onun əsas öhdəliyi olmalıdır”, - deyə məktubda vurğulanıb.
Qeyd edək ki, məktubu ümumilikdə 58 nəfər imzalayıb.