logo

Sinoptiklərdən güclü külək, leysan və qar xəbərdarlığı

16:32 16-10-2023 | icon 1505
Sinoptiklərdən güclü külək, leysan və qar xəbərdarlığı

Oktyabrın 17-si səhərdən Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyinin sürətinin saniyədə 15-20, arabir 23-28 metr olacağı, gündüz yarımadanın bəzi yerlərində arabir 30 metrədək güclənəcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən YeniAvropa-ya verilən məlumata görə, oktyabrın 17-si gündüzdən 20-si səhərədək ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, bəzi yerlərdə fasilələrlə leysan xarakterli yağış yağacağı proqnozlaşdırılır. Ayrı-ayrı yerlərdə - Balakən-Şəki, Quba-Qusar, Dağlıq Şirvan, Qarabağ və Şərqi Zəngəzur, Qazax-Gəncə, Naxçıvan Muxtar Respublikası, Mərkəzi Aran, Lənkəran-Astarada yağıntıların intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Qərb küləyi əsəcək, oktyabrın 17-si və 19-da sürəti saniyədə 15-20, arabir 23-25 metr olacaq, oktyabrın 17-də bəzi yerlərdə arabir 28-30 metr/saniyəyədək güclənəcək. Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 6-8° enəcək.

Çaylarda sululuğun artacağı, Balakən-Şəki bölgəsinin ərazisindən axan Katexçay, Talaçay, Şinçay, Kürmükçay, Oğuz-Qəbələ bölgəsinin Göyçay, Dəmiraparançay, Girdimançay, Quba-Qusar bölgəsinin Vəlvələçay, Qaraçay, Daşkəsən-Gədəbəy və Gəncə-Qazax bölgəsinin Əsrikçay, Gəncəçay, Qabırrıçay, Qarabağ və Şərqi Zəngəzur bölgəsinin Gorançay, Quruçay, Köndələnçay çaylarından qısamüddətli daşqın və sel keçəcəyi bildirilir.