logo

Bu gün Azərbaycan dəmiryolçularının peşə bayramıdır

11:11 13-10-2023 | icon 1533
Bu gün Azərbaycan dəmiryolçularının peşə bayramıdır

Bu gün Azərbaycan dəmiryolçularının peşə bayramıdır.

YeniAvropa xatırladır ki, Azərbaycanın ilk dəmir yolu xətti 1880-ci ildə istifadəyə verilib. Uzunluğu 20 kilometr olan Bakı–Sabunçu–Suraxanı dəmir yolunun inşası 1878-ci ilin sonunda başlayıb. Əvvəlcə Bakı–Sabunçu–Suraxanı dəmir yolu yalnız neftin nəqli üçün istifadə edilirdi.

3 il sonra isə Bakı–Yelizavetpol (Gəncə)–Tiflis magistral dəmir yolu işə salınıb. Azərbaycanın ilk yük stansiyası olan Bakı yük stansiyasından Tiflis istiqamətində dəmir yolu ilə ilk neft 1883-cü ilin mayın 8-də göndərilib. Tiflis şəhəri dəmir yolu vasitəsilə Poti şəhəri ilə bağlı olduğundan neft Qara dəniz sahillərinə qısa müddətdə çatdırılıb. Lakin Poti limanı quruluşuna görə böyük həcmdə neftin aparılması üçün yararlı deyildi. Ona görə daha əlverişli olan Batum limanı qısa müddətdə iri həcmdə neft daşınması üçün lazımi avadanlıqla təchiz edildi və Tiflisdən Batuma dəmir yolu çəkilib.

Azərbaycan Dəmir Yollarının İkinci Dünya müharibəsində də müstəsna xidmətləri olub. Belə ki, 1941–1945-ci illərdə Azərbaycan dəmir yolları ilə 600 mindən artıq neft və neft məhsulları ilə dolu olan sistern, 700 min vaqon yük cəbhəyə göndərildi. SSRİ-nin işğal edilmiş ərazilərindən təxliyə olunmuş zavod və fabriklərin, eləcə də qaçqınların ölkənin ucqarlarına çatdırılmasında, canlı qüvvənin cəbhə bölgəsinə daşınmasında Azərbaycan dəmir yolları mühüm rol oynayıb.

1955-ci ildə Azərbaycan dəmir yolu SSRİ Yollar Nazirliyinin tərkibində müstəqil dəmir yolu statusu aldı. Azərbaycan polad magistralı öz fəaliyyəti dövründə bir neçə dəfə Zaqafqaziya Dəmir Yolunun tərkibinə daxil edilib, sonradan isə müstəqil dəmir yolu kimi fəaliyyət göstərib. O cümlədən Azərbaycan SSR Nazirlər Sovetinin 1955-ci il 13 oktyabr tarixli qərarı ilə Azərbaycan dəmir yolu SSRİ Yollar Nazirliyinin tərkibində müstəqil dəmir yolu kimi fəaliyyətini davam etdirib.

Azərbaycan зrezidenti İlham Əliyev 7 oktyabr 2005-ci il tarixində “Dəmir yolu işçilərinin peşə bayramının təsis edilməsi haqqında” Sərəncam imzaladı. Bu Sərəncama əsasən Azərbaycan dəmir yolu işçilərinin peşə bayramı hər il məhz oktyabrın 13-ü qeyd edilir.