logo

DYP hava şəraiti ilə əlaqədar hərəkət iştirakçılarına müraciət edib

14:54 04-10-2023 | icon 1386
DYP hava şəraiti ilə əlaqədar hərəkət iştirakçılarına müraciət edib

Baş Dövlət Yol Polisi İdarəsi mövcud hava şəraiti ilə əlaqədar hərəkət iştirakçılarına müraciət edib.

YeniAvropa xəbər verir ki, müraciətdə xatırladılıb ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin verdiyi məlumata əsasən, hazırda ölkə ərazisində müşahidə olunan qeyri-sabit hava şəraitinin oktyabrın 5-i gündüzədək davam edəcəyi gözlənilir.

İdarə verilən xəbərdarlıqla əlaqədar avtomobil yollarında yarana biləcək qəzaların qarşısının alınması üçün hərəkət iştirakçılarına müraciət edərək onlardan yola çıxarkən diqqətli olmağı və yol hərəkəti qaydalarına riayət etməyi xahiş edir.

Yağışlı havada yol örtüyünün yaş olması səbəbindən avtomobillərin sürüşmə ehtimalı yüksək olduğundan sürücülər yol və meteoroloji şəraiti nəzərə alaraq sürət həddini minimuma endirməli və kifayət qədər ara məsafəsi saxlamalıdırlar. Bununla yanaşı, nəqliyyat vasitələrinin sazlığına, o cümlədən şüşə silgəcləri və şüşəyuyanların, işıq cihazlarının işlək vəziyyətdə olmasına nəzarət etməli, dövlət nömrə nişanlarını təmiz saxlamalıdırlar. Küləkli hava şəraitində hərəkətin çətin və təhlükəli olduğu unudulmamalı, qoşqulu, tentli, uzun ölçülü yük avtomobillərinin sahibləri və sürücüləri daşıdıqları yükün qablaşdırılmasına diqqət yetirməlidirlər.

Piyadalar da ehtiyatlı olmalı, səki ilə hərəkət etməklə avtomobil yoluna çıxmamalı, yolları onların rahat hərəkəti üçün ayrılmış piyada keçidlərindən keçməlidirlər.