logo

Bakıda “Bərabərlik və inklüzivlik naminə əməkdaşlıq” mövzusunda beynəlxalq konfrans kerçirilib

14:34 26-09-2023 | icon 1743
Bakıda “Bərabərlik və inklüzivlik naminə əməkdaşlıq” mövzusunda beynəlxalq konfrans kerçirilib

Sentyabrın 26-da Bakıda Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyası (BHİK) və Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) birgə təşkilatçılığı ilə beynəlxalq konfrans keçirilib.

YeniAvropa xəbər verir ki, “Bərabərlik və inklüzivlik naminə əməkdaşlıq” mövzusunda təşkil olunan tədbirdə AHİK sədri Səttar Möhbalıyev konfransın əhəmiyyətindən və mövzunun aktuallığından danışıb.

O bildirib ki, insan hüquqlarının müdafiəsi, gender bərabərliyinin əldə edilməsi, xüsusilə qadın və qızların cəmiyyətdə fəallığının artmasına nail olunması AHİK-in qarşısında duran əsas məsələlərdir. “Dövlət Statistika Komitəsindən və AHİK-ə üzv olan 27 sahə həmkarları ittifaqı mərkəzindən daxil olan statistik məlumatlar ümumiləşdirilir, cinslər arasındakı fərqlərin və təcrübələrin təsiri öyrənilir. Bu işlərlə sahə həmkarlar ittifaqlarının strukturlarında təyin olunmuş 10 minə yaxın məsul şəxsi əhatə edən 2463 komissiya məşğul olur”, - deyə S.Möhbalıyev qeyd edib.

Onun sözlərinə görə, AHİK qadın üzvlərinin potensiallarının üzə çıxarılmasını prioritet istiqamətlərdən sayır. Gender statistikası göstərir ki, həmkarlar ittifaqları üzvlərinin ümumi sayında kişilər 47,7 faiz olduğu halda, qadınlar 52,3 faiz təşkil edir. Üzvlərin 18,9 faizi gənclərdir. Onların da yarıdan çoxu, yəni, 9,5 faizi gənc qadınlardır və bu xanımlardan da 6,18 faizi bütün səviyyəli rəhbər vəzifələrdə çalışır”.

BHİK-nın Bərabərlik departamentinin müdiri xanım Paula Simonetti çıxışında qadın hüquqları ilə bağlı dünyadakı vəziyyət barədə ətraflı məlumat verib, bu istiqamətdə həmkarlar ittifaqlarının üzərinə düşən vəzifələrdən bəhs edib, bütün sahələrlə yanaşı, əmək şəraitində də qadınlar üçün bərabər imkanların yaradılmasının vacibliyinə toxunub.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova isə dövlətimizin qadın siyasətindən, ölkəmizdə gender siyasətinin gücləndirilməsi, qadınların cəmiyyətdə rolunun yüksəldilməsi üçün həyata keçirilən tədbirlərdən, qadınların elm və təhsil, səhiyyə və mədəniyyət, eləcə də digər sahələrdə qazandığı uğurlardan danışıb. Bildirib ki, Azərbaycan qadınları mühüm dövlət qurumlarında, parlament və bələdiyyələrdə layiqincə təmsil olunur, ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni proseslərdə fəal iştirak edir, ölkə idmanının inkişafına böyük töhfələr verirlər.

Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri, professor Hicran Hüseynova ölkəmizdə qadınlarla bağlı məsələlərin həlli üçün qəbul olunan qanunlardan, imzalan fərman və sərəncamlardan danışıb, müvafiq beynəlxalq sənədlərin ölkəmizdə tətbiq olunması ilə qadın hüquqlarının reallaşması və təminatı istiqamətində əldə olunan nailiyyətlərdən bəhs edib.

Tədbirdə, həmçinin Ombudsman Aparatının şöbə müdiri Lamiyə Zeynalovanın, BHİK-nın bərabərlik departamentinin müdiri Paola Simonettinin, Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının vitse-prezidenti Vüqar Zeynalovun, əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Vüsal Nəsirlinin, BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Vladanka Andreyevanın mövzu üzrə çıxışları dinlənilib.

Tədbirdə, həmçinin rəy və təkliflər səslənib, mövzu üzrə geniş fikir mübadiləsi aparılıb.

Konfrans müzakirələrlə davam edib.

Qeyd edək ki, konfransa Milli Məclisin deputatları, beynəlxalq təşkilatların ölkəmizdəki nümayəndələri və Albaniya, Almaniya, Bosniya və Herseqovina, Bolqarıstan, Türkiyə və Gürcüstanın həmkarlar ittifaqlarının təmsilçiləri, eləcə də BHİK-nın və Pan Avropa Regional Şurasının (PARŞ) məsul şəxsləri qatılıblar.