Test üsulu ilə, habelə yazılı və şifahi imtahanlardan müvəffəqiyyətlə keçərək ilkin tədris kursunu, o cümlədən məhkəmələrdə stajkeçməni uğurla başa vurmuş hakimliyə namizədlərlə Hakimlərin Seçki Komitəsi tərəfindən yekun müsahibələr keçirilib.
YeniAvropa xəbər verir ki, bu barədə Hakimlərin Seçki Komitəsindən məlumat verilib.
Qeyd olunub ki, yekun müsahibədə namizədlərin uzunmüddətli tədris kursunun proqramını mənimsəmə səviyyəsi, onların hüquq sahəsində nəzəri və praktiki biliklərinin tətbiqi bacarığı və ümumi dünyagörüşü, hakim işləmək üçün zəruri olan keyfiyyətlərə yiyələnməsi Komitə tərəfindən qiymətləndirilib, 32 hakimliyə namizəd yekun müsahibədə müvəffəqiyyət qazanıb, onların qiymətləndirməsinin nəticələri və ixtisaslaşmaları barədə rəylər Məhkəmə-Hüquq Şurasına təqdim olunub.
Qanunvericiliyə uyğun olaraq, sentyabrın 28-də Şura tərəfindən müvafiq məsələyə baxılaraq, namizədlərlə söhbət və ixtisaslaşma aparılacaq.
Qeyd edək ki, yekun müsahibədə uğur qazanmış hakimliyə namizədlərin siyahısı Məhkəmə-Hüquq Şurasının saytında (jlc.gov.az) yerləşdirilib.