logo

Terror aktı nəticəsində həlak olan polis əməkdaşı Sumqayıtda dəfn edilib

11:33 20-09-2023 | icon 1267
Terror aktı nəticəsində həlak olan polis əməkdaşı Sumqayıtda dəfn edilib

Erməni separatçılarının mina terroru nəticəsində həlak olan polis əməkdaşı Ramil Arif oğlu Şirinov Sumqayıtda Şəhidlər xiyabanında dəfn edilib.

YeniAvropa xəbər verir ki, bu gün  Sumqayıtda erməni separatçılarının mina terroru nəticəsində həlak olan polis əməkdaşları Asim Knyaz oğlu Camalzadə və Ramil Arif oğlu Şirinovla Sumqayıtda vida mərasimi keçirilib.Mərasimdə Daxili İşlər Nazirliyinin əməkdaşları, Sumqayıt şəhər İcra Hakimiyyətinin rəhbərliyi, Milli Məclisin deputatları və ictimaiyyət nümayəndələri iştirak edirlər.

Qeyd edək ki, sentyabrın 19-da səhər saat 4 radələrində yeni inşa edilən Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun 58-ci kilometrliyində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə məxsus və sözügedən yolda çalışan “Howo” markalı yük maşını tank əleyhinə minaya düşüb. Nəticədə agentliyin 2 əməkdaşı - 21.11.1970-ci il təvəllüdlü Sadıxov Samir Sabiroviç və 02.05.1965-ci il təvəllüdlü Quliyev Fərhad Hüseynağa oğlu həlak olublar.

Daxili İşlər Nazirliyinin əməkdaşlarının olduğu “KamAZ” markalı nəqliyyat vasitəsi terror hadisəsinin baş verdiyi istiqamətdə hərəkət edərkən saat 04:30 radələrində Xocavənd rayonunun Tağaverd kəndi ərazisində yeni inşa olunan tunel yolunda sülhməramlıların müvəqqəti yerləşdiyi ərazidə qanunsuz erməni silahlı birləşmələrinin təxribat-diversiya qrupu tərəfindən yerləşdirilmiş minaya düşərək partlayıb. Terror aktı nəticəsində DİN-in əməkdaşları olan 05.02.1994-cü il təvəllüdlü Camalzadə Asim Knyaz oğlu, 08.07.1987-ci təvəllüdlü Şirinov Ramil Arif oğlu, 12.07.1991-ci il təvəllüdlü Mahmudov Seymur Elsevər oğlu və 21.07.1998-ci il təvəllüdlü Zamanov Xəzər Azər oğlu hadisə yerində həlak olublar.