Sentyabrın 9-da saat 12:30 radələrində "Azərbaycan Dəmir Yolları" QSC-yə (ADY) məxsus yük qatarı Osmanlı-Mürsəlli mənzilində hərəkətdə olarkən dəmir yol keçidini keçməyə cəhd edən traktor qatarın qarşısına çıxıb.
ADY-dən YeniAvropa-ya bildirilib ki, toqquşma nəticəsində ağır xəsarət almış traktorun sürücüsü təcili tibbi yardım briqadasının köməyi ilə xəstəxanaya aparılıb.
ADY nəqliyyat vasitələri sürücülərini “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 44-cü maddəsinin tələblərinə ciddi riayət etməyə, dəmir yolu keçidlərinə yaxınlaşarkən sürət həddini aşağı salmağa, yüksək sayıqlıq göstərməyə və keçidin qatardan boş olduğuna tam əmin olduqdan sonra hərəkətlərini davam etdirməyə çağırır.