logo

Sinoptiklərdən Bakıda güclü külək və yağış xəbərdarlığı

16:56 05-09-2023 | icon 2009
Sinoptiklərdən Bakıda güclü külək və yağış xəbərdarlığı

Sentyabrın 6-sı axşamdan 7-si səhərədək Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyinin sürətinin saniyədə 15-20 metr olacağı, arabir 23-25 metrədək güclənəcəyi gözlənilir. Sentyabrın 7-si axşam yarımadanın bəzi yerlərində yağış yağacağı ehtimalı var.

Bu barədə YeniAvropa-ya Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, sentyabrın 6-sı axşam şimal və qərb rayonlarından başlayaraq sentyabrın 10-u gündüzədək ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, fasilələrlə leysan xarakterli yağış yağacağı proqnozlaşdırılır. Əsasən Balakən-Şəki, Quba-Qusar, Dağlıq Şirvan, Qazax-Gəncə, Mərkəzi Aran, Qarabağ və Şərqi-Zəngəzur zonalarının bəzi yerlərində yağıntıların intensiv və güclü olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Şimal-şərq küləyi əsəcək, sürəti arabir 15-20 metr/saniyə olacaq, bəzi yerlərdə arabir 23-28 metr/saniyəyədək güclənəcək. Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 5-8° enəcək.

Çaylarda sululuğun artacağı, Balakən-Şəki bölgəsinin ərazisindən axan Katexçay, Şinçay, Kürmükçay, Oğuz-Qəbələ bölgəsinin Göyçay, Girdimançay, Quba-Qusar bölgəsinin Vəlvələçay, Qaraçay, Daşkəsən-Gədəbəy və Gəncə-Qazax bölgəsinin Əsrikçay, Gəncəçay, Qabırrıçay, Qarabağ və Şərqi Zəngəzur bölgələrinin Gorançay, Quruçay, Köndələnçay çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimal olunur.