logo

“TikTok”da “falçılıq” edən şəxs saxlanılıb

14:44 05-09-2023 | icon 2471
“TikTok”da “falçılıq” edən şəxs saxlanılıb

“TikTok” sosial şəbəkəsində vətəndaşların pul vəsaitlərinin “falçılıq”, “baxıcılıq”, “taleyin dəyişdirilməsi” və digər adlar altında yerləşdirilən şirnikləndirici elanlarla aldanılması barədə polisə çoxsaylı müraciətlər daxil olub. Qeyd edilən qanunsuz hallar nəzərə alınaraq bu tipli talama əməllərində şübhəli bilinən şəxs - 1985-ci il təvəllüdlü Fuad Məmmədov Sumqayıt şəhər Polis İdarəsinin əməkdaşları tərəfindən müəyyən olunaraq saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən YeniAvropa-ya bildirilib ki, araşdırmalarla həmin şəxsin sosial şəbəkələrdə özünü “falçı” və “baxıcı” kimi təqdim edərək vətəndaşların müxtəlif məbləğlərdə pul vəsaitlərini onlayn köçürmə formasında ələ keçirdiyi müəyyən edilib. F.Məmmədov məsuliyyətdən yayınmaq üçün pulunu ələ keçirdiyi şəxslərin hesablarını sonradan bloklayıb.

Qeyd olunan faktlarla bağlı Sumqayıt ŞPİ-nin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir. F.Məmmədovun qanunsuz əməllərindən zərərçəkən başqa şəxslər varsa polisə müraciət edə bilərlər.