logo

Xırdalanda eyni mənzili müxtəlif şəxslərə satan MTK sədrinin məhkəməsi başlayır

12:32 05-09-2023 | icon 1750
Xırdalanda eyni mənzili müxtəlif şəxslərə satan MTK sədrinin məhkəməsi başlayır

Çoxsaylı vətəndaş narazılığına səbəb olan “Hayan-E” Məhdud Məsuliyyətli Cəmiyyətinin (hazırkı adı “PROGRESS-2016” MTK) direktoru Rafiq Nəsirovun qanunsuz əməlləri barədə Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində aparılmış cinayət işinin istintaqı yekunlaşıb.

Baş Prokurorluğun mətbuat xidmətindən YeniAvropa-ya bildirilib ki, aparılmış ibtidai istintaq zamanı Rafiq Nəsirovun vəzifə səlahiyyətlərindən sui-istifadə edərək rəhbərlik etdiyi kooperativ tərəfindən Abşeron rayonunun Xırdalan şəhərində inşa olunmuş yüksək mərtəbəli yaşayış binasındakı mənzilləri saxta sənədlər əsasında təkrarən ayrı-ayrı şəxslərə satmaqla külli miqdarda pul vəsaitini ələ keçirməsinə əsaslı şübhələr müəyyənləşdirilib.

İş üzrə toplanmış sübutlar əsasında Rafiq Nəsirova Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq), 308.2-ci (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan edilməklə barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib və cinayət işi baxılması üçün aidiyyəti üzrə Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilib.