logo

Paytaxtda növbəti dəfə daxili iməcilik təşkil olunub

13:13 02-09-2023 | icon 1617
Paytaxtda növbəti dəfə daxili iməcilik təşkil olunub

Şəhərin küçə və prospektlərində, park və istirahət bağlarında səliqə-sahman və təmizliyin qorunaraq lazımi səviyyədə saxlanılması, yaşıllıqlara qulluq göstərilməsi məqsədilə Bakı şəhər İcra Hakimiyyəti tərəfindən sentyabrın 2-də paytaxtın mərkəz ərazisində, qəsəbələrində təmizlik və abadlıqla bağlı növbəti daxili iməcilik keçirilib.

Bakı şəhər İcra Hakimiyyətinin mətbuat xidmətindən YeniAvropa-ya bildirilib ki, paytaxtın bütün rayonlarını əhatə edən iməcilikdə kommunal xidmətlər tərəfindən prospekt və küçələrin, səki kənarlarının və işıq dirəklərinin, yol kənarındakı məhəccərlərin, park və istirahət yerlərində oturacaqların təbiətə ziyanı olmayan vasitələrlə yuyulması həyata keçirilib və əlavə təmizlik işləri görülüb. Həmçinin yol kənarlarında yerləşən ictimai iaşə, ticarət və digər obyektlərin vitrinləri, köşklər yuyulub, ətrafı təmizlənib.

Bakı şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyinin əməkdaşları tərəfindən ağac və yaşıllıqlara qulluq göstərilib, həmişəyaşıl ağaclar yuyulub, yaşıllıq zolaqları və parklarda qazon örtüyünə qulluq edilib.

Qeyd edilib ki, paytaxtın sanitar təmizliyinin lazımi səviyyədə saxlanılması üçün tələb olunan bütün tədbirlər davam etdiriləcək.