Cari ilin oktyabrın 26-27-də Bakı Konqres Mərkəzində ölkəmizdə ilk dəfə keçiriləcək “Critical Infrastructure Defence Challenge 2023” (CIDC-2023) kibermüharibə yarışında 39 komanda iştirak edəcək.
Milli Kompüter İnsidentlərinə Qarşı Mübarizə Mərkəzindən (CERT) YeniAvropa-ya bildirilib ki, 28 tərəfdaşı olan “CIDC-2023” kibermüharibə tədbiri çərçivəsində ödənişsiz ixtisasartırma təlimləri də təşkil olunacaq. Tədbirdə iştirak etmək üçün indiyədək 465 nəfər qeydiyyatdan keçib.
Azərbaycanda ilk dəfə kiberhücumların simulyasiyası ilə keçiriləcək virtual müharibə yarışında iştirak etmək üçün müəssisələr əməkdaşlarından 3-5 nəfərlik komanda yaradaraq yarışa qoşula bilərlər. Yarış 2 gün həyata keçiriləcək. Bu kibermüharibədə informasiya texnologiyaları (İT) komandasına malik dövlət qurumları, banklar, telekomlar və kritik infrastruktura sahib müəssisələr iştirak edəcəklər.
Birinci gün komandalar onlara təhkim olunacaq informasiya sistemlərinin boşluqlarını aradan qaldıraraq mühafizə sistemini sazlayacaq, ikinci gün isə onlara qarşı təşkil olunacaq kiberhücumların qarşısını necə alacaqları barədə bacarıqlarını nümayiş etdirərək müvafiq ballar toplayacaqlar. Kibermüharibənin qalib komandasına 30 min manat təqdim olunacaq.
Qeyd edək ki, tədbir Azərbaycan Respublikası Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti (XRİTDX) və Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin birgə təşkilatçılığı ilə baş tutacaq.