logo

Naxçıvan QHT-ləri beynəlxalq ictimaiyyətə müraciət ünvanlayıb

17:17 14-08-2023 | icon 1414
Naxçıvan QHT-ləri beynəlxalq ictimaiyyətə müraciət ünvanlayıb

Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən qeyri-hökumət təşkilatları (QHT) beynəlxalq ictimaiyyətə müraciət ünvanlayıb.

YeniAvropa-ya daxil olan müraciətdə deyilir:

"Biz - Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən qeyri-hökumət təşkilatları beynəlxalq ictimaiyyətə üz tutaraq bildiririk ki, Naxçıvan Muxtar Respublikası 30 ildən çoxdur ki, blokada şəraitində yaşayır. Naxçıvan əhalisi 15 ilə yaxın blokadaya görə qazsız qalıb, hətta elektrik enerjisi yox idi. Azərbaycanın əsas hissəsindən gələn enerji xətləri Ermənistan tərəfindən kəsilmişdi. Naxçıvanla Bakı arasında əlaqələr dəmir yolu üzərindən idi və bu da 1992-ci ildə Mehridən gələn son qatar güllə-baran edildikdən sonra kəsildi.

Beynəlxalq birlik Naxçıvandakı dinc sakinlərin problemlərinin, eyni zamanda blokadanın aradan qaldırılması üçün heç bir addım atmayıb və Ermənistana bu məsələdə heç bir təzyiq etməyib. Niyə bu illər ərzində bizim haqq səsimiz eşidilməyib?

Ermənistan hələ də Naxçıvan əhalisini, yaşayış məntəqələrini müntəzəm atəşə tutur. Əgər Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev və onun layiqli davamçısı, Prezident İlham Əliyev olmasa idi, Naxçıvan da Qarabağ kimi işğal olunardı.

Ermənistan Sədərəklə bitişik məntəqədə - Arazdəyəndə Espo Konvensiyasının tələblərinə zidd olaraq metallurgiya zavodu inşa edir. Bu, blokadaya məhkum edilmiş Naxçıvan əhalisinə qarşı ekoloji terror siyasətidir. Sözügedən transsərhəd ərazidə Azərbaycan hökumətinin razılığı olmadan, ağır sənaye zavodunun tikilməsi ətraf mühitin, havanın zəhərli tullantılarla çirklənməsinə, ekosistemin pozulmasına səbəb olacaq.

Ermənistan 2020-ci ildə 44 günlük müharibədən sonra imzalanmış 10 noyabr üçtərəfli bəyanatın müddəalarına əməl etmir, Zəngəzur dəhlizinin açılması istiqamətində heç bir tədbir görmür. Biz bu barədə dünya ictimaiyyətinin Ermənistana ardıcıl çağırışlarını, sanksiyalarını gözlədiyimiz bir vaxtda, tam əksi baş verir.

Laçın yolunun guya bağlı olması barədə yalan məlumatlar, böhtanlar əsasında bir-birinin ardınca bəyanat verənlər, Azərbaycan dövlətini əsassız olaraq qınayanlar niyə bir dəfə də olsun Naxçıvanın on illərdir blokadada qalması barədə məsələ qaldırmayıblar? Laçın yolu istiqamətinə gələrək binoklla Azərbaycan tərəfə baxan xarici ölkə səfirləri niyə bir dəfə Naxçıvanın blokadasının aradan qaldırılması barədə söz deməyiblər? Bu qərəzli, riyakar, yanaşma bizi hiddətləndirir. Əgər beynəlxalq aləm bölgədə həqiqi blokada görmək istəyirsə, Naxçıvan Muxtar Respublikasına baxa bilər.

Azərbaycan Respublikası öz sərhədlərinə nəzarət və Ermənistanın təxribatlarının qarşısını almaq məqsədilə Laçında sərhəd buraxılış məntəqəsi yaradılıb. Bu sərhəd buraxılış məntəqəsi Qarabağın minalanmasının, bölgəyə terrorçu diversiya qruplarının göndərilməsinin qarşısını alır. Dinc insanların ölümünə bais olanları necə müdafiə etmək olar? Necə ola bilər ki, Ermənistan başqa dövlətin suveren ərazisindən “dəhliz” istəyir, amma özü suverenliyini bəhanə gətirib bundan imtina edir. “Suverenlik” anlayışı məgər universal deyil? Yoxsa, “suverenlik” anlayışı Ermənistan üçün başqa məna kəsb edir və ya onun üçün əlavə imtiyazdırmı? Əgər belə deyilsə, onda Zəngəzur dəhlizi niyə açılmır? Niyə bu barədə Ermənistana təzyiq yoxdur? Təəssüf ki, bu suallara cavab verilmir.

Biz 30 illik işğaldan sonra torpaqlarını öz gücü ilə azad edən, Ermənistanın tamamilə dağıtdığı, yer üzündən sildiyi ərazilərdə sıfırdan şəhərlər və kəndlər inşa edən, məcburi köçkünləri öz yurdlarına qaytaran Azərbaycana qarşı həyata keçirilən ikili standartlar siyasətini kəskin şəkildə pisləyirik.

30 ildən artıq blokada şəraitində yaşayan Naxçıvan əhalisinin ümidi Zəngəzur dəhlizi vasitəsilə Azərbaycanın digər bölgələri ilə quru əlaqəsinin yaradılması, regionda kommunikasiyaların açılmasıdır. Zəngəzur dəhlizi açılmalı, blokada aradan qaldırılmalıdır. Necə ola bilər ki, Azərbaycan hökuməti Qarabağda yaşayan erməni sakinlər üçün Laçın yolu ilə kommunikasiya imkanları yaradır, üstəlik Ağdam-Xankəndi yolunu da təklif edir, ancaq Ermənistan Naxçıvan əhalisinin hətta humanitar əsasda belə Azərbaycanın digər hissəsinə keçməsinə şərait yaratmır. Biz tələb edirik ki, dünya birliyi Ermənistanı Zəngəzur dəhlizi layihəsini icra etməyə məcbur etsin!

Biz tez-tez humanitar əsasda Beynəlxalq Qırmızı Xaç Komitəsinin Laçın yolu ilə daşımalar həyata keçirdiyini müşahidə edirik. Beynəlxalq Qırmızı Xaç Komitəsinə də çağırış edirik ki, Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında kommunikasiyanı təmin etsin".

Müraciəti aşağıdakı QHT-lər imzalayıblar:

1. Azərbaycan Vətən Müharibəsi Veteranları və Şəhid Ailələrinin Naxçıvan Muxtar Respublikası Təşkilatının sədri Məcid Seyidov
2. Naxçıvan Muxtar Respublikası Ağsaqqallar Şurasının sədri Məmməd Məmmədov
3. Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyinin sədri Asim Əliyev
4. Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin sədri Ülviyyə Həmzəyeva
5. Naxçıvan Muxtar Respublikası Bəstəkarlar Təşkilatının sədri Yaşar Xəlilov
6. Naxçıvan Muxtar Respublikası Qızıl Aypara Cəmiyyətinin sədri Yaşar Vəliyev
7. Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının sədri Qəzənfər Abdullayev
8. Naxçıvan Muxtar Respublikası Müharibə, Əmək, Silahlı Qüvvələr və Hüquq-Mühafizə Orqanları Veteranları Şurasının sədri Firudin Süleymanov
9. “Naxçıvan Muxtar Respublikası Çernobıl Əlilləri” İctimai Birliyinin sədri Eyvaz Əsgərov
10. Naxçıvan Muxtar Respublikası Sahibkarlar Konfederasiyasının sədri Vüqar Abbasov
11. Naxçıvan Muxtar Respublikası Memarlar Birliyinin sədri Heydər Əhmədov
12. “Gənclərin İntellektual İnkişaf Mərkəzi” İctimai Birliyinin sədri Valeh Mahmudov
13. “Gənc Vətənpərvərlər” İctimai Birliyinin sədri Sənan Bədəlov
14. “Estafet” Gənclərin İctimai Birliyinin sədri Xanım İbrahimova
15. “Naxçıvan Gənc Müəllimlər Assosiasiyası” İctimai Birliyinin sədri Gülxanım Orucova.