logo

Son bir ayda Xəzərin Lənkəran sahilində 9 nəfər batıb

16:16 11-08-2023 | icon 1680
Son bir ayda Xəzərin Lənkəran sahilində 9 nəfər batıb

Xəzərin Lənkəran sahilində , Sütəmurdov kəndi ərazisində nəzarət olunmayan sahil çimərliklərində son 1 ayda 9 nəfər batıb.

YeniAvropa xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin(FHN) Cənub Regional mərkəzinin Maarifləndirmə sektorunun müdiri Zaur Hüseynovun sözlərinə görə qeyri-çimərlik ərazilərində baş verən boğulma hallarında insanların həyatını xilas etmək mümkün olmur.Azyaşlılardan çimərliyə valideynsiz gələnlər çox təəssüflər olsun ki, daha çox mühafizə olunmayan ərazilərdə çimirlər. Baxmayaraq ki, sözü gedən ərazilərə “Çimmək qadağandır” və “Təhlükəli ərazi” nişanları yerləşdirilib, həmin hissə xüsusi lentlə haşiyələnib.

Qeyd edək ki, FHN-nin Dövlət Sularda Xilasetmə Xidmətinin məntəqəsi Lənkəranın Sütəmurdov kəndindən 3 kilometr aralıdadır və nəzarətsiz çimərlik ərazisinə daxildir. Fövqəladə Hallar Nazirliyi əhalini qeyd olunan qaydalara riayət etməyə, çimərlik kimi nəzərdə tutulmayan nəzarətsiz ərazilərdən istifadə etməməyə çağırır.

Zaur Hüseynov deyib: “Fövqəladə Hallar Nazirliyi tərəfindən aparılan kütləvi maarifləndirmə tədbirlərinə baxmayaraq, təəssüflə qeyd etməliyik ki, yenə də bəzi vətəndaşlar, xüsusilə uşaq və yeniyetmələr tərəfindən nəzarət olunmayan çimərlik ərazilərindən, xüsusilə, Xəzər dənizinin qeyri-çimərlik ərazilərindən, çaylarda, göllərdə, su kanallarında və digər su hövzələrindən çimərlik məqsədilə istifadə olunur və bir çox hallarda həmin ərazilərdə xoşagəlməz nəticələr aşkar olunur. Fövqəladə Hallar Nazirliyinin Kiçik Həcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Xidməti tərəfindən cari ilin 15 iyul tarixindən başlayaraq gücləndirilmiş iş rejimində fəaliyyət göstərir. Ümumilikdə, 124 nəfər il ərzində sulardan xilas olunub”.