logo

Azərbaycan QHT-ləri “Environmental Protection First” adlı koalisiya yaradıblar

11:44 07-08-2023 | icon 6195
Azərbaycan QHT-ləri “Environmental Protection First” adlı koalisiya yaradıblar

Ermənistanın dağ-mədən sənayesində ekoloji norma və standartları kobud şəkildə pozması ilə mübarizə məqsədilə Azərbaycanın qeyri-hökumət təşkilatları koalisiya yaratmaqları barədə bəyanat veriblər.

YeniAvropa həmin bəyanatı təqdim edir.

“Biz, aşağıda imza edən Azərbaycanın qeyri-hökumət təşkilatları Ermənistanın dağ-mədən sənayesində ekoloji norma və standartları kobud şəkildə pozmaqla getdikcə gücləndirilən iqtisadi fəaliyyətin 15 milyondan çox əhalinin yaşadığı Cənubi Qafqaz regionunu bütövlükdə fəlakətə sürükləməsindən dərin narahatlığımızı ifadə edir və bununla mübarizədə səyləri birləşdirmək üçün “Environmental Protection First” (EPF) adlı koalisiya yaratdığımızı elan edirik.

Mütəxəssislər tərəfindən aparılan yoxlamalar Ermənistanın dağ-mədən müəssisələrinin zəhərli kimyəvi tullantılarının Azərbaycanla sərhəddə də su resurslarına, ətraf mühitə böyük ziyan vurduğunu aşkarlayıb. Bütün bunlar əhalinin qayıdışına və təhlükəsiz yaşayışına mane olmaqla bərabər, azad edilmiş ərazilərdəki dağıntılar, mina problemləri qədər narahatedicidir.

Ciddi narahatlıqlar və suallarla bağlı bu yaxınlarda Azərbaycanın vətəndaş cəmiyyətinin şəxsən Ermənistanın baş nazirinə ünvanladığı açıq məktubda qaldırılan məsələlərə Nikol Paşinyan tərəfindən cavab verilməməsi, beynəlxalq ekspertlərə Ermənistana gəlib yerində vəziyyəti qiymətləndirməyə şərait yaradılmaması, xarici ölkə QHT-lərinin oxşar məzmunlu müraciətlərinin nəzərə alınmaması bu koalisiyanın qurulmasını şərtləndirir.

Ermənistanın dağ-mədən sənayesindəki proseslərin bütün qanuni vasitələrlə davamlı izlənilməsi və pozuntular əleyhinə mübarizənin gücləndirilməsi koalisiyanın əsas işi olacaq.

Bu işdə Ermənistanın bir sıra vətəndaş cəmiyyəti təşkilatlarının da köməyinə ümid edirik. Çünki bu məsələlər Ermənistan əhalisi üçün də ciddi təhlükə, sağlamlıq riskləri yaradır. Təəssüf edirik ki, bunu yaxşı dərk edən Ermənistanın bir sıra vətəndaş cəmiyyəti təşkilatlarının etirazlarına yerli hakimiyyət tərəfindən məhəl qoyulmur, onlar sıxışdırılır. Biz həm də boğulan erməni vətəndaş cəmiyyətinin səsi olacağıq, bütün Cənubi Qafqaz əhalisinin səsi olacağıq. Bu işdə Gürcüstanın vətəndaş cəmiyyətinin də güclü dəstəyinə ümid edirik.

Bu gün dünya birliyinin BMT-nin Dayanıqlı İnkişaf Məqsədləri uğrunda səfərbər olaraq ətraf mühit problemlərinin həlli üçün daha əzmlə çalışdığı bir vaxtda, Ermənistanın davranışları bu fəaliyyətə tamamilə ziddir.

Koalisiya öz işinə Ermənistanın dağ-mədən sənayesində işləyən xarici şirkətlərin Ətraf Mühitə Təsirlərin Qiymətləndirilməsi (ƏMTQ) sənədlərinin təftişindən başlayır. Təəssüf edirik ki, apardığımız ilkin monitorinqlər göstərir ki, Ermənistanda fəaliyyət göstərən şirkətlər ictimaiyyət üçün açıq olmalı olan bu sənədləri ört-basdır edir.

Biz Ermənistanın dağ-mədən sənayesində fəaliyyət göstərən yerli və xarici şirkətlərə üz tutaraq ƏMTQ sənədlərinin tam mətnini ən qısa müddətdə öz rəsmi internet saytlarına yerləşdirməyə və ya ictimaiyyətə elan etməyə çağırırıq. Biz bu sənədlərlə tanış olmaq istəyirik.

Biz fəaliyyətimiz çərçivəsində Ermənistanda işləyən xarici şirkətlərin baş ofisləri, onların mənsub olduğu ölkələrin aidiyyəti rəsmi qurumları ilə, o cümlədən beynəlxalq təşkilatlarla fəal kommunikasiya, əməkdaşlıq qurmaq niyyətindəyik.

Fəaliyyətimiz tam şəffaf və hesabatlı olacaq, daimi əsasda gördüyümüz işlər barədə ictimaiyyəti məlumatlandıracağıq.

Bu işdə maraqlı olan bütün tərəfləri EPF ilə tərəfdaşlığa, əməkdaşlığa dəvət edirik”.

İmzalar:

Amin Məmmədov, “Sudan İstifadə Sahəsində Mütəxəssislər” İctimai Birliyi;

Pərvanə Vəliyeva, “Sağlamlığa Xidmət” İctimai Birliyi;

Sabit Bağırov, Sahibkarlığa və Bazar İqtisadiyyatının İnkişafına Yardım Fondu;

Qəmzə Yusubova, Ekoloji Maarifçilik və Monitorinq İctimai Birliyi.