logo

Azərbaycanın vətəndaş cəmiyyəti təmsilçiləri Beynəlxalq Qırmızı Xaç Komitəsinə açıq məktub ünvanlayıblar

17:17 02-08-2023 | icon 1680
Azərbaycanın vətəndaş cəmiyyəti təmsilçiləri Beynəlxalq Qırmızı Xaç Komitəsinə açıq məktub ünvanlayıblar

Azərbaycanın vətəndaş cəmiyyəti təmsilçiləri Beynəlxalq Qırmızı Xaç Komitəsinə açıq məktubla müraciət ediblər.

YeniAvropa  həmin müraciəti təqdim edir.

Biz – Azərbaycanın vətəndaş cəmiyyətinin təmsilçiləri Beynəlxalq Qırmızı Xaç Komitəsinin prezidenti xanım Mirjana Spoljariç Eqqerə üz tutaraq, Beynəlxalq Qırmızı Xaç Komitəsinin Azərbaycandakı fəaliyyətindən ciddi narahatlıqlarımızı ifadə edirik.

Otuz ildən çoxdur ki, Beynəlxalq Qırmızı Xaç Komitəsi Azərbaycanda fəaliyyət göstərir. Biz bu təşkilatın mandatını və missiyasını çox vacib hesab edirik. Amma təəssüf hissi ilə bildirməliyik ki, 4 min nəfərə yaxın azərbaycanlı Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində itkin düşsə də, ötən 30 illik dövr ərzində onların aqibəti, taleyi barədə Beynəlxalq Qırmızı Xaç Komitəsinin nəzərəçarpacaq uğurları olmayıb. Minlərlə ailə hələ də közərən ümidlə xəbər gözləyir.

1990-cı illərdə Beynəlxalq Qırmızı Xaç Komitəsi 54 nəfər azərbaycanlı əsirlə bağlı izə düşmüş, Ermənistan tərəfi ilə dialoq nəticəsində onlardan 17 nəfərinin meyitlərini alaraq Azərbaycan tərəfinə təhvil vermişdi. Ancaq həmin siyahı üzrə 37 nəfərin taleyi hələ də bilinmir. Onlar sağdırlar, yoxsa öldürülüblər, öldürülüblərsə, meyitləri niyə ailələrinə təhvil verilməyib? Beynəlxalq Qırmızı Xaç Komitəsi niyə bu məsələ ilə yaxından məşğul olmur? Axı Azərbaycan tərəfi ilə Beynəlxalq Qırmızı Xaç Komitəsi arasında həmin 54 nəfərin əsirlikdə olduğunu təsdiq edən yazışmalar indi də durur.

Beynəlxalq Qırmızı Xaç Komitəsi özünü müstəqil, bitərəf və qərəzsiz təşkilat hesab edir. Ancaq Azərbaycana münasibətdə bu əsas prinsiplərin pozulması başadüşülən deyil.

2000-ci illərdə Beynəlxalq Qırmızı Xaç Komitəsi Azərbaycan hökuməti ilə razılaşdırmadan onun suveren ərazisi olan Xankəndidə ofis təşkil etdi və bu barədə qondarma, separatçı rejimlə “saziş” imzaladı. Azərbaycan tərəfinin dəfələrlə rəsmi müraciətlərinə baxmayaraq, həmin “saziş” konfidensiallıq adı altında gizlədildi, təqdim edilmədi. Sonradan məlum oldu ki, Beynəlxalq Qırmızı Xaç Komitəsinin Xankəndi ofisi təşkilatın Bakıdakı nümayəndəliyinə deyil, İrəvandakı nümayəndəliyinə tabe etdirilib.

Biz – Azərbaycan vətəndaş cəmiyyətinin təmsilçiləri həmişə müstəqil və bitərəf qalmalı olan Beynəlxalq Qırmızı Xaç Komitəsi təşkilatının bu davranışını onun tərəf tutması kimi qəbul edirik.

2020-ci ildə 44 günlük müharibədən sonra da bu vəziyyətin dəyişmədən qalması dözülməzdir. Biz Azərbaycan Prezidenti İlham Əliyevin bu günlərdə Şuşada “Euronews” televiziya kanalına müsahibəsində səsləndirdiyi kimi, Xankəndi ofisinin məhz Bakıdakı nümayəndəliyə tabe etdirilməsini tamamilə haqlı, legitim tələb hesab edirik.

Biz bu günlərdə Laçın postunda Beynəlxalq Qırmızı Xaç Komitəsinin avtomobilində aşkar edilmiş, 1991-ci ildə Meşəli soyqırımını törətmiş müharibə cinayətkarlarından biri olan Vaqif Xaçaturyan ilə əlaqədar Meşəli soyqırımı qurbanlarının beynəlxalq ictimaiyyətə Açıq Məktubunda yer alan fikirləri də  dəstəkləyirik. Biz də Meşəli sakinləri ilə eyni fikirdəyik ki, Beynəlxalq Qırmızı Xaç Komitəsinin bayrağı və avtomobilləri müharibə cinayətkarlarının sığınacaq yeri olmamalıdır, bu, onlara heç bir toxunulmazlıq və hüquqi immunitet verə bilməz. Beynəlxalq humanitar hüquq da buna qarşıdır.

Xanım prezident!

Biz Beynəlxalq Qırmızı Xaç Komitəsinin emblemi altında olan yük və təcili tibbi yardım maşınlarının Laçın postunda yoxlanılması zamanı onların içərisində qaçaqmalçılıqla keçirilməsi aşkar olunan benzin, siqaret, mobil telefon qutularının olmasından dəhşətə gəlmişik.

Biz həm də Beynəlxalq Qırmızı Xaç Komitəsini son vaxtlar Ermənistanın manipulyasiyasının alətinə çevrilməməyə, ədalətsiz açıqlamalar verməməyə çağırırıq. Qarabağ Azərbaycan ərazisi olduğu üçün Bakıdakı nümayəndəliyiniz Ağdam-Xankəndi yolu vasitəsilə humanitar yükləri çatdıra bilər. Xankəndinə Ağdamdan yol İrəvandan daha qısadır. Bu, həm də nəqliyyat xərclərinə əhəmiyyətli dərəcədə qənaət etməyə imkan verə bilər.

Beynəlxalq Qırmızı Xaç Komitəsindən Xankəndi ofisinin tamamilə Bakı nümayəndəliyinə tabe etdirilməsini gözləyirik. Beynəlxalq Qırmızı Xaç Komitəsi öz fəaliyyətini Azərbaycan dövlətinin suverenliyi və ərazi bütövlüyünə uyğun şəkildə qurmalıdır. Biz sizdən həm də itkinlər mövzusunda Ermənistan tərəfi ilə dialoqun gücləndirilməsini gözləyirik.

İnanırıq ki, Beynəlxalq Qırmızı Xaç Komitəsi mümkün olan ən qısa bir vaxtda ictimai narahatlıqlarımızı nəzərə alaraq, məsələləri Cenevrədəki baş ofisinin gündəliyinə çıxaracaq, konstruktiv qərarlar qəbul edəcək və Azərbaycanla bağlı fəaliyyətində zəruri düzəlişlərə gedəcək.

İmzalar:

1. “Qarabağ itkin ailələri” İctimai Birliyinin sədri Könül Behbudova

2. “Xankəndi” Məcburi Köçkünlərə Dəstək İctimai Birliyinin sədri Xatirə Vəliyeva

3. “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri Sevinc Alızadə

4. Avrasiya Miqrasiya Təşəbbüsləri Platforması İctimai Birliyinin sədri Azər Allahverənov

5. "Prioritet" Sosial İqtisadi Araşdırmalar Mərkəzi İctimai Birliyinin sədri Zaur İbrahimli

6. “Sağlamlığa Xidmət” İctimai Birliyinin icraçı direktoru Pərvanə Vəliyeva

7. “Xüsusi Təyinatlıların Qaziləri, Şəhid Ailələri və Veteranları” İctimai Birliyinin sədri Bəhruz Məmmədzadə

8. “Yeni Həyat” Humanitar və Sosial Dayaq İctimai Birliyinin sədri Nailə İsmayılova

9. “Erməni təcavüzünün tanıdılması” İctimai Birliyinin sədri Səriyyə Cəfərova

10. “Müvəkkil Hüquq Mərkəzi” İctimai Birliyinin sədri Səməd Vəkilov

11. “Minalar Əleyhinə Azərbaycan Kampaniyası” İctimai Birliyinin sədri Hafiz Səfixanov

12. “Elmi Araşdırmalar” İctimai Birliyinin sədri Telman Qasımov

13. “Hüquqi Təhlil və Araşdırmalar” İctimai Birliyinin sədri Ramil İskəndərli

14. “Bakı Natiqlik Məktəbi” ictimai birliyinin sədri Elçin Mirzəbəyli

15. Regional İnsan Hüquqları və Media Mərkəzi İctimai Birliyinin sədri Xalid Kazımov

16. “Cəmiyyətin İnkişafı Mərkəzi” ictimai birliyinin sədri Əhməd Abbasbəyli

17. “Ortaq Dəyərlər” İctimai Birliyinin sədri Aqil Camal

18. “Vətəndaşların Sosial Rifahı Naminə” ictimai birliyinin sədri İradə Rzazadə

19. Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumunun sədri Rauf Zeyni

20. “Qayıdış və Dirçəliş Naminə Gənclər Təşkilatı” ictimai birliyinin sədri Vüqar Qədirov