logo

Surət Hüseynov Gəncədə dəfn edilib

15:15 02-08-2023 | icon 1757
Surət Hüseynov Gəncədə dəfn edilib

Azərbaycanın sabiq baş naziri Surət Hüseynov Gəncə şəhərində dəfn olunub.

YeniAvropa xəbər verir ki, mərhumun vaxtilə yaşadığı evdə vida mərasimi keçirilib.Mərasimdə S.Hüseynovun ailə üzvləri, yaxınları, dostları iştirak ediblər.

Vida mərasimindən sonra o, 4 saylı qəbirstanlıqda valideynlərinin qəbri yaxınlığında torpağa tapşırılıb.

Qeyd edək ki, Surət Davud oğlu Hüseynov 1959-cu ildə Gəncədə anadan olub. O, 1993-cü il iyununda Baş nazir vəzifəsinə təyin edilib, 1994-cü il oktyabrın 7-də isə vəzifəsindən uzaqlaşdırılıb.

Oktyabrın 14-də parlament S.Hüseynovun cinayət məsuliyyətinə cəlb olunmasına, barəsində həbs qətimkan tədbiri seçilməsinə razılıq verib.

Oktyabrın 30-da o, Azərbaycanın Milli Qəhrəmanı adından məhrum edilib.

1997-ci ildə S.Hüseynov Rusiyada həbs olunaraq Azərbaycana təhvil verilib, 1999-cu il fevralın 10-da ömürlük azadlıqdan məhrumetmə cəzasına məhkum olunub.

2004-cü il martın 17-də prezident İlham Əliyev Surət Hüseynovu əfv edib.

O, uzun illərdir Azərbaycandan kənarda yaşayırdı.

S.Hüseynov uzun sürən xəstəlikdən sonra iyulun 31-də Türkiyənin İstanbul şəhərində vəfat edib.