Cəlilabadın həbsdə olan keçmiş icra başçısı Namiq Zeynalovun oğlanları Ali Məhkəməyə müraciət ediblər.
YeniAvropa xəbər verir ki, Rəsul və Fərid Zeynalov qardaşları atalarının cinayət işi üzrə müsadirə edilmiş əmlakları geri istəyirlər.
Qardaşlar belə iddia edirlər ki, söhbəti gedən əmlaklar onlara məxsusdur və cinayət yolu ilə əldə edilmiş pulla alınmayıb.
Xatırladaq ki, Namiq Zeynalov 2018-ci ilin fevralın 6-dan Cəlilabad rayonuna icra başçısı təyin edilib. O, 2020-ci il dekabrın 7-də Cəlilabad rayon İcra Hakimiyyətində keçirilən xüsusi əməliyyat zamanı saxlanılıb. Dekabrın 8-də isə prezident İlham Əliyev Namiq Zeynalovun Cəlilabad rayon İcra Hakimiyyəti başçısının vəzifədən azad edilməsi haqqında sərəncam imzalayıb.
Ona Cinayət Məcəlləsinin 179.2.2 (Mənimsəmə və ya israf etmə təkrar törədildikdə) 179.2.3 (şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə); 179.2.4 (xeyli miqdarda ziyan vurmaqla törədildikdə), 308.2 (Vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.3 (külli miqdarda rüşvət alma), 311.3.2 (təkrar rüşvət alma), 313-cü (Vəzifə saxtakarlığı) maddələri ilə ittiham verilib.
Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 2021-ci ildə ona 12 il həbs cəzası verilib.
Bundan başqa iş üzrə üzərinə həbs qoyulmuş ümumi dəyəri 2 milyona yaxın olan-fərdi yaşayış evləri, “Lexus” markalı minik avtomobili, müxtəlif təyinatlı torpaq sahələri dövlət nəfinə müsadirə edilib.