logo

Həkimlər və teleaparıcılar adından dələduzluq edən şəxs saxlanılıb

13:31 27-07-2023 | icon 1498
Həkimlər və teleaparıcılar adından dələduzluq edən şəxs saxlanılıb

Həkimlər və televiziya aparıcılarının adından istifadə edərək dələduzluq edən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb.

YeniAvropa xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, sosial şəbəkələrdə səhifələri olan həkimlər və televiziya aparıcılarının adından istifadə edərək onların dostluğunda olan şəxslərə qarşı dələduzluq edilməsi faktı üzrə son günlərdə mediada yayılan məlumatlar Daxili İşlər Nazirliyində nəzarətə götürülərək araşdırmalara başlanılıb. Nazirliyə daxil olan çoxsaylı şikayətlər əsasında polis əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində onlayn yolla dələduzluq edən həmin şəxs - Lənkəran şəhər sakini Kəlbihüseyn Abuşovun qısa zamanda saxlanılması təmin olunub. Həmin şəxs ifadəsində sosial şəbəkələrdə həkimlərin və aparıcıların adından istifadə etdiyini və onların tanışlarının etibarından sui-istifadə edərək müxtəlif məbləğlərdə pul vəsaitləri aldığını bildirib. Araşdırmalar zamanı saxlanılan şəxsin, həmçinin televiziyaların birində efirə gedən verilişdə qonaq kimi iştirak etmək istəyən həkimləri, guya onların həmin kanalda çıxışını təşkil edəcəyi adı altında aldadaraq pul vəsaitlərini ələ keçirdiyi də müəyyən edilib.

Qeyd edək ki, saxlanılan şəxs əvvəllər də dələduzluq etdiyindən barəsində Cinayət işi mövcuddur və hazırda iş məhkəmə baxışındadır. Kəlbihüseyn Abuşovun etdiyi sonuncu hüquqazidd əməllər barəsində toplanmış material da baxılması üçün məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə Kəlbihüseyn Abuşov həbs edilib.

Araşdırmalar davam etdirilir.