Fövqəladə Hallar Nazirliyinin (FHN) 112 - qaynar telefon xəttinə paytaxtın Binəqədi rayonunun Ziya Bünyadov prospektində hərbi sursat aşkarlanması barədə məlumat daxil olub.
FHN-in mətbuat xidmətindən YeniAvropa-ya bildirilib ki, məlumatla əlaqədar dərhal nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin minalardan təmizləmə üzrə çevik qrupu hadisə yerinə cəlb edilib.
Hüquq-mühafizə orqanı əməkdaşları ilə birgə ərazidə müvafiq təhlükəsizlik tədbirləri görüldükdən sonra hadisə yerinə baxış zamanı aşkarlanmış sursatın döyüş tətbiqinə yararlı bir ədəd RQD-5 əl qumbarası olduğu müəyyənləşdirilib.
Xüsusi Riskli Xilasetmə Xidmətinin çevik qrupunun mütəxəssisləri zərərsizləşdirilməsi üçün sursatı ərazidən götürərək kənarlaşdırıb.
Hadisə yerində və ona yaxın ətraf ərazidə əlavə axtarış zamanı başqa hər hansı təhlükəli və ya şübhəli əşya aşkarlanmayıb.