İyulun 25-də Türkiyə Respublikasının İstanbul şəhərində “İDEF-2023” Beynəlxalq Müdafiə Sənayesi Sərgisi öz işinə başlayıb.
YeniAvropa xəbər verir ki, bu barədə Müdafiə Sənayesi Nazirliyindən məlumat verilib.
Bildirilib ki, Türkiyə Respublikası Prezident Administrasiyasının himayəsi ilə və Milli Müdafiə Nazirliyinin təşkilatçılığı ilə keçirilən sərgidə Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyinin nümayəndə heyəti də iştirak edir. “İDEF-2023” Beynəlxalq Müdafiə Sənayesi Sərgisində Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində istehsal olunan müxtəlif növ atıcı silahlar, yaxın məsafəli döyüş vasitələri, minaatanlar, müxtəlif çaplı döyüş sursatları, pilotsuz uçuş aparatları və sair daxil olmaqla 131 adda müdafiə təyinatlı məmulatlar nümayiş etdirilir.
Sərgi zamanı müdafiə sənayesi naziri Mədət Quliyevin Türkiyənin dövlət və hökumət nümayəndələri, sərgidə iştirak edən bir sıra ölkələrin nümayəndə heyətlərinin rəhbərləri ilə görüşləri nəzərdə tutulub.
“İDEF-2023” Beynəlxalq Müdafiə Sənayesi Sərgisi öz işini iyulun 28-dək davam etdirəcək.