Azərbaycanda iyulun 26-na gözlənilən hava proqnozu açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən YeniAvropa-ya verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və səhər bəzi yerlərdə qısamüddətli az yağış yağacağı ehtimalı var. Arabir güclənən şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəzlənəcək. Havanın temperaturu gecə 19-24°, gündüz 26-31° isti olacaq. Atmosfer təzyiqi 757 millimetr civə sütunu, nisbi rütubət gecə 65-75, gündüz 45-55 faiz təşkil edəcək.
Abşeron çimərliklərində arabir güclənən şimal-qərb küləyi əsəcək, gündüz şimal-şərq küləyi ilə əvəzlənəcək. Dəniz suyunun temperaturu şimal çimərliklərində - Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zuğulbada 24-25° isti, cənub çimərliklərində - Türkan, Hövsan, Sahil, Şıxda 25-26° isti olacaq.
Azərbaycanın rayonlarının bəzi yerlərində arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Əsasən şimal və şərq rayonlarında leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Axşama doğru yağıntılar tədricən kəsiləcək. Gecə və səhər bəzi dağlıq rayonlarda duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 19-24°, gündüz 29-34° isti, dağlarda gecə 8-13° isti, gündüz 13-18° isti olacağı ehtimal edilir.