logo

Faktiki hava: Xəzərdə dalğanın hündürlüyü 4,2 metrə çatıb

10:40 25-07-2023 | icon 2793
Faktiki hava: Xəzərdə dalğanın hündürlüyü 4,2 metrə çatıb

Milli Hidrometeorologiya Xidmətinin iyulun 25-i saat 9:00-a olan məlumatına əsasən, ölkə ərazisində hava şəraiti qeyri-sabit keçib, şimşək çaxıb, arabir leysan xarakterli yağış yağıb, Balakən-Şəki zonasında intensiv olub.

Xidmətdən YeniAvropa-ya verilən xəbərə görə, düşən yağıntının miqdarı Sarıbaşda (Qax) 36, Şəmkirdə 13, Ağstafada 9, Gədəbəy, Balakən, Tovuz, Şahdağ, Zaqatala, Şəki, Qusar, Şahbuz, Daşkəsən, Gəncə, Ceyrançöl, Oğuz, Mingəçevir, Yevlax, Cəfərxan, Qəbələ, Biləsuvar, Naftalanda 8 millimetrədək təşkil edib. Gecə saatlarında isə Bakıda və Abşeron yarımadasında qısamüddətli yağış yağıb.

Şimal-qərb küləyi əsib, arabir Naftalanda saniyədə 22, Tərtər, Neftçala, Gəncədə 20, Ağdamda 18, Mingəçevirdə 17, Şəmkir, Bərdədə 16, Bakıda və Abşeron yarımadasında isə 28-30 metrədək güclənib. Neft Daşları stansiyasının məlumatına əsasən, Xəzər dənizində dalğanın hündürlüyü 4.2 metrə çatıb.

Ölkə ərazisində müşahidə olunan küləkli və yağıntılı hava şəraiti iyulun 26-sı gündüzədək davam edəcək.

Əsasən dağlıq və dağətəyi rayonlarda arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. İyulun 26-sı gündüzdən yağıntıların tədricən kəsiləcəyi, 27-si əksər rayonlarda havanın əsasən yağmursuz keçəcəyi proqnozlaşdırılır.