logo

Azərbaycanda 100-dən çox audiovizual media subyekti fəaliyyət göstərir

13:13 20-07-2023 | icon 1365
Azərbaycanda 100-dən çox audiovizual media subyekti fəaliyyət göstərir

Hazırda Azərbaycanda 100-dən çox audiovizual media subyekti fəaliyyət göstərir ki, bunlardan təxminən yarısı yayımçı statuslu kontent istehsalçısıdır”.

YeniAvropa xəbər verir ki, bunu Audiovizual Şuranın Aparat rəhbəri Fazil Novruzov Medianın İnkişafı Agentliyinin (MEDİA), Audiovizual Şura və Mətbuat Şurasının təşkilatçılığı ilə Milli Mətbuatın 148 illiyi münasibətilə “Media qlobal transformasiyalar dövründə: ənənələrdə varislik, jurnalistika prinsipləri və ictimai maraqlar” mövzusunda keçirilən konfransda deyib.

Onun sözlərinə görə, sosial media fenomenləri, internet mediada olan belə “çərçivəsizlik” ənənəvi media təmsilçiləri olan televiziya və radio üçün çox böyük rəqabət yaradır: “Hətta bəzən belə fikir yaranır ki, bu rəqabətdə ənənəvi media növlərinin yaşaması qeyri-mümkündür. Lakin dünyada medianın inkişaf tendensiyalarına nəzər salanda görünür ki, 2000-2015-ci illərdə ənənəvi media (TV və radio) internet ortamlı mediaya çox uduzurdu. Çünki ənənəvi media cəmiyyətə yalnız ənənəvi üsullarla daxil olurdu. 21-ci əsrin ikinci onilliyindən başlayaraq dünyada yeni media üsullarından istifadə edərək konvergent media yaradan ənənəvi media qurumları yenidən bazarda böyük paya sahib olmağa başladılar”.

Aparat rəhbəri bildirib ki, bugün audiovizual media öz inkişafının yeni mərhələsini yaşayır: “Bu mərhələ audiovizual medianın digər media subyektləri ilə, xüsusilə internet mediası və sosial şəbəkələrlə rəqabət mühitində özünü təsdiqləməsi, həmçinin də yeni yayım üsulları və vasitələri ilə inkişafını təmin etmə qabiliyyətini artırma cəhdləri ilə müşayiət edilir. Bu gün inamla söyləmək olar ki, audiovizual media həm rəqabətdə dayanıqlılıq nümayiş etdirir, həm də yeni yayım üsul və vasitələrini şaxələndirməklə öz nüfuzunu artırır. Azərbycanda da bu tendensiya mövcuddur. Hazırda Azərbaycanda 100-dən çox audiovizual media subyekti fəaliyyət göstərir ki, bunlardan təxmini yarısı yayımçı statuslu kontent istehsalçısıdır”.

F.Novruzov qeyd edib ki, media məzmununda da bu transformasiya özünü biruzə verir: “Belə ki, hər hansı bir informasiya, reportaj, süjet hazırlayan jurnalist həmin informasiyanın geniş əhatəliliyini təmin edə bilir. Bunun üçün çox üsullar var. Eyni zamanda da lakoniklik qorunur. Mobil və internet texnologiyalarının yenilikləri ilə hazırlanan, böyük informasiya yüklülüyünə malik həmin media məzmunu həm ənəvəvi media mühitində, həm də yeni media mühitində tələb olunur və istehlak edilir, canlı yayımlana bilir, arxivləşdirilə bilir və s. Hadisə yerlərindən birbaşa reportajlar, o reportajların qısa müddətdə böyük kütləyə çatması, rəqəmsal platformalarda yayımlanması və arxivləşdirilməsi bayaq qeyd etdiyimiz məkan və zaman məhdudiyyətlərinin aradan qalxmasını göstərir.

O bildirib ki, bu prosesdə jurnalist peşəkarlığı böyük rol oynayır: “Xəbəri təqdim etmə, zəruri izahatlarla zənginləşdirmə, eyni zamanda da operativlik, lakoniklik və dəqiqlik həmin informasiyanı, kontenti tələb olunan media məhsuluna çevirir. Bu mühitdə klassik jurnalist, audiovizual mediadan danışırıqsa klassik televiziya və ya radio jurnalisti nə etməlidir? İlk olaraq, həmin jurnalist ümumi peşə prinsiplərini və qaydalarını düzgün bilməli və düzgün istifadə etməyi bacarmalıdır. Çünki yeni media mühitində məhz həmin peşə prinsip və qaydalarının pozulması təhdidləri çoxdur. Bu təhdidlərin mənbəyini, səbəbini və axarını bilmək üçün həmin media işçisi mütləq yeni media mühitində istifadə olunan texnoloji yeniliklərə yiyələnməlidir”.