logo

Bakıda media və dini təhlükəsizlik məsələləri müzakirə edilib

13:53 19-07-2023 | icon 1533
Bakıda media və dini təhlükəsizlik məsələləri müzakirə edilib

İyulun 19-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə Milli Mətbuat Gününə həsr olunmuş “Media və dini təhlükəsizlik” mövzusunda konfrans keçirilib.

YeniAvropa xəbər verir ki, Milli Məclisin deputatlarının, Dövlət Komitəsinin və media orqanlarının rəhbər şəxslərinin, habelə dini icma və digər ictimaiyyət nümayəndələrinin iştirakı etdiyi tədbirdə əvvəlcə Dövlət Himni səsləndirilib. Azərbaycanın ərazi bütövlüyü və müstəqilliyi uğrunda şəhid olan qəhrəmanlarımızın ruhu bir dəqiqəlik sükutla yad edilib.

Konfransı giriş sözü ilə açan Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı cəmiyyətin həyatında medianın mühüm roluna diqqət çəkib. İdeoloji sahədə mübarizənin gücləndirilməsində, dini xurafata qarşı təbliğatda medianın önəminə toxunub. Qeyd edib ki, heç bir dini kitab insanlar arasında münasibətlərə xələl gətirən çağırışlar etmir. Bütün dinlər insanları dostluğa, qardaşlığa çağırır. O bildirib ki, dindən sui-istifadə hallarının qarşısının alınmasının ən başlıca yolu düzgün məlumatları çatdırmaqdadır. Dindən sui-istifadə edən radikal qrupların ifşası, cəmiyyətə onların işlərinin bəşəriyyət üçün təhlükəsini çatdırmaq baxımından medianın rolu olduqca böyükdür.

Azərbaycan mətbuatının çox böyük yol keçdiyini söyləyən Mübariz Qurbanlı qeyd edib ki, media artıq insanlar arasında kommunikasıya rolu oynamaqdadır. Bu gün insanlar informasiyaya asanlıqla çata bilirlər. Cəmiyyətimizdəki bütün məsələlərin həllində Azərbaycan mediası çox əhəmiyyətli rol oynayır.

Sonra Mətbuat Şurası sədrinin müavini, BDU-nun Jurnalistika fakültəsinin dekanı Vüqar Zifəroğlu “Mediada dini mövzularda manipulyasiyalar” mövzusunda təqdimatla çıxış edib.

Daha sonra Milli Məclisin deputatı Bəxtiyar Sadıqov, Real TV-nin baş direktoru Mirşahin Ağayev, Milli Məclisin deputatı Sahib Alıyev, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov və Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Bəxtiyar Nəcəfov mövzu ilə bağlı fikirlərini bölüşüblər.

Bildirilib ki, Azərbaycanda bütün ənənəvi dinlərin ibadət yerləri - məscidlər, kilsələr, sinaqoqlar və sair vardır və insanlar sərbəst şəkildə ibadətlərini, dini ayinlərini yerinə yetirə bilirlər. Azərbaycan tolerant ölkədir və respublikamızda mövcud olan bu mühitin təbliğində medianın rolu böyükdür.

Çıxış edənlər dindən sui-istifadə cəhdlərinin qarşısının alınmasında medianın fəaliyyətinin önəminə diqqət çəkiblər.

Sonda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən Milli Mətbuat Günü münasibətilə jurnalistlər arasında “Media və dini təhlükəsizlik” mövzusunda keçirilmiş yazı müsabiqəsinin qaliblərinə mükafatlar təqdim edilib.