logo

Zəngilanın Ağalı kəndinə ilk köçün bir ili tamam olur

10:10 19-07-2023 | icon 2555
Zəngilanın Ağalı kəndinə ilk köçün bir ili tamam olur

Bu gün Zəngilan rayonunun Ağalı kəndinə əhalinin qayıdışından bir il ötür. 

YeniAvropa xəbər verir ki,30 ilə yaxın həsrət içində yaşayan insanlar məhz ötən ilin bu günü öz doğma yurdlarına qayıdaraq burada rahat yaşamağa başlayıblar.

Qeyd edək ki, 44 günlük müharibədən sonra  2021-ci ilin aprelində Ağalıda təməli qoyulan “ağıllı kənd” layihəsi çərçivəsində yenidən tikilən yaşayış məntəqəsinə 2022-ci il iyulun 19-dan başlayaraq mərhələlərlə köç prosesi həyata keçirildi.

Yenidən qurulan Ağalı kəndində küçələrin “ağıllı” işıqlandırılması, isti və soyuğadavamlı ekoloji evlərin inşası, günəş panellərinin quraşdırılması kimi müasir şəhərsalma standartları tətbiq edildi. Həmçinin kəndin dayanıqlı enerji ilə təmin edilməsi üçün Həkəri çayı üzərində Arximed turbini tipli Su Elektrik Stansiyası inşa olundu. Üç ədəd generatorun quraşdırıldığı stansiya Ağalı kəndinin elektrik enerjisinə tələbatını tam təmin etmək gücünə malikdir.

Kənddə dövlət xidmətlərinə əlçatanlığı təmin etmək və insanların rifahının yaxşılaşdırılması məqsədilə “ASAN”, “DOST”, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi, Dövlət Aqrar Inkişaf Mərkəzinin xidmətləri, həmçinin məktəb, bağça, tibb məntəqəsi, ictimai iaşə obyektlər və s. mövcuddur.

Ağalıda aqrar sektorun inkişafına da xüsusi önəm verilib. Kəndin kənarında yerləşən böyük əkin sahəsində pilot sistemlər quraşdırılıb. Bu sistemlərlə 157 hektar sahənin suvarılması nəzərdə tutulub. Eyni zamanda, kənd ərazisində iqlim stansiyalarının da tikilməsi planlaşdırılıb.

Bu günədək Ağalı kəndinə 86 ailədən ibarət 420 nəfər köçürülüb. Hazırda kənd ərazisində tikilmiş evlərin təmir işlər davam edir və təmir işləri başa çatdıqdan sonra ailələrin növbəti köçü həyata keçiriləcək.