logo

Sinoptiklərdən Bakıda güclü külək və leysan xəbərdarlığı

18:18 15-07-2023 | icon 1302
Sinoptiklərdən Bakıda güclü külək və leysan xəbərdarlığı

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidməti ölkə ərazisində qeyri-sabit hava şəraiti ilə bağlı məlumat yayıb. Xidmətdən YeniAvropa-ya verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında iyulun 16-dan 17-si səhərədək şimal-qərb küləyinin 15-18 metr/saniyə, arabir 20-23 metr/saniyəyədək güclənəcəyi gözlənilir. İyulun 16-sı əsasən səhər və axşam, iyulun 17-dən 18-i səhərədək arabir yağış yağacağı gözlənilir. Yarımadanın bəzi yerlərində leysan xarakterli, intensiv olacağı ehtimalı var. Havanın temperaturu ötən günlərlə müqayisədə 5-8° aşağı enərək, iyulun 17-də gündüz 22-26° isti olacaq.

Azərbaycanın rayonlarında bir neçə gün davam edən mülayim hava şəraitindən sonra iyulun 16-sı qərb rayonlarından başlayaraq iyulun 18-i səhərədək ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir leysan xarakterli yağış yağacağı gözlənilir. Əsasən Qazax-Gəncə, Qarabağ və Şərqi-Zəngəzur, Balakən-Şəki, Quba-Qusar, Mərkəzi Aran, Dağlıq-Şirvan, Lənkəran-Astara bölgələrində yağıntının intensiv və güclü olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, gecə saatlarında yüksək dağlıq ərazilərdə sulu qara keçəcəyi ehtimalı var.

Qərb küləyi arabir 15-20 metr/saniyə, ayrı-ayrı yerlərdə arabir 25-30 metr/saniyəyədək güclənəcək.

Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli daşqın və sel keçəcəyi gözlənilir.