Abşeron rayonunun Xırdalan şəhərində fəaliyyət göstərən “A+CO” Açıq Səhmdar Cəmiyyətinin tədarük və logistika meneceri vəzifəsində işləmiş İsrafil Abbaszadənin qanunsuz əməlləri ilə bağlı rayon prokurorluğunda aparılmış cinayət işinin istintaqı yekunlaşıb.
Rayon prokurorluğundan YeniAvropa-ya verilən məlumata görə, istintaqla İsrafil Abbaszadə tərəfindən cəmiyyətə məxsus nəqliyyat vasitələrinin, eləcə də müxtəlif növ məhsulların ayrı-ayrı şəxslərə satılması və digər qanunsuz yollarla əldə olunmuş ümumilikdə 90 min manatdan çox pul vəsaitinin mənimsənilməsinə əsaslı şübhələr müəyyənləşdirilib.
İş üzrə toplanmış sübutlar əsasında İsrafil Abbaszadəyə Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə) və 308.2-ci (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələri ilə ittiham elan edilməklə cinayət işi aidiyyəti üzrə Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilib.