Bu gün Ağdamın “Qarabağ” klubu UEFA Çempionlar Liqasının 2023-2024-cü il mövsümündə mübarizəyə başlayacaq.
YeniAvropa xəbər verir ki, Ağdam təmsilçisi turnirin birinci təsnifat mərhələsinin ilk oyunun Cəbəllütariqdə “Linkoln” komandası ilə qarşılaşacaq.
Oyun latviyalı hakimlər briqadasına tapşırılıb. Matçın baş hakimi FIFA referisi Vitali Spasennikov olacaq. Ona həmyerliləri Raymonds Tatriks və Arturs Sakurovs köməklik göstərəcəklər. Dördüncü hakim funksiyasını isə Aleksandrs Anufriyevs yerinə yetirəcək. VAR hakimləri Andres Treymanis və Kristaps Ratnieks olacaqlar.
“Viktoriya” stadionunda oynanılacaq görüş Bakı vaxtı ilə saat 19:30-da başlayacaq.
Komandalar arasında cavab oyunu iyulun 19-da Bakı Olimpiya Stadionunda keçiriləcək. Bu cütün qalibi II təsnifat mərhələsində "Rakuv" (Polşa) - "Flora" (Estoniya) cütünün güclüsü ilə qarşılaşacaq.