Son günlər ölkə ərazisində müşahidə olunan qeyri-sabit hava şəraiti nəticəsində Qax rayonu ərazisində yol infrastrukturuna ziyan dəyib.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən YeniAvropa-ya bildirilib ki, leysan xarakterli yağışlar nəticəsində respublika əhəmiyyətli Qorağan-Qax-Zaqatala avtomobil yoluna və yerli əhəmiyyətli Qax-İlisu-Sarıbaş, Qax-Qaşqaçay-Armudlu, M-5 (83km) Qıpçaq-Üzümlü avtomobil yollarının hərəkət hissəsinə sel sularının özü ilə bərabər gətirdiyi qum, palçıq və iri qaya parçaları tökülüb, yolların bəzi hissələrinə və suötürücü borulara ziyan dəyib.
Əraziyə Agentliyin “13 N-li Yol İstismarı” MMC-nin xüsusi texnikaları və canlı qüvvəsi səfərbər olunaraq və qısa müddət ərzində təxirəsalınmaz tədbirlər görülüb, yollarda nəqliyyat vasitələrinin fasiləsiz və təhlükəsiz hərəkəti təmin olunub.