logo

Sabah Yer Günəşdən maksimum uzaqlaşacaq

15:30 06-07-2023 | icon 1743
Sabah Yer Günəşdən maksimum uzaqlaşacaq

İyulun 7-də saat 00:07-də Yer öz orbitinin afelisindən keçəcək.

YeniAvropa xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyinin N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından məlumat verilib.

Bildirilib ki, nəticədə Yer kürəsi Günəşdən maksimum uzaqlaşacaqdır. Bu məsafənin qiyməti 152 098 232 kilometrə bərabərdir. Bu zaman Günəş diskinin də görünən ölçüsü 3 faiz kiçilərək minimal (31′31) qiymət alacaq.

Planetin orbitinin dairədən fərqlənmə dərəcəsini orbitin ekssentrisiteti xarakterizə edir. Nəticədə planetin Günəşdən məsafəsi sabit qalmayıb dəyişir. Yer orbitinin Günəşə ən yaxın nöqtəsi periheli, ən uzaq nöqtəsi isə afeli adlanır. Perihelidə planetin sürəti ən yüksək, afelidə isə ən aşağı qiymət alır.

Qeyd edək ki, Yer bu il perihelidən yanvarın 4-də saat 20:17-də keçib. Perihelidən keçərkən Yerlə Günəş arasındakı məsafə 147 098 290 km olub.