Ölkə ərazisində müşahidə olunan qeyri-sabit hava şəraiti Quba rayonu ərazisində bəzi avtomobil yollarında fəsadlara səbəb olub, yol infrastrukturuna ciddi ziyan dəyib.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən YeniAvropa-ya bildirilib ki, leysan xarakterli yağışlar nəticəsində rayonun Qonaqkənd istiqamətində Çayqovuşan-Yerfi-Talış-Dərk, Çayqovuşan-Söhüb-Adur-Qarxun avtomobil yollarının hərəkət hissəsinə sel sularının özü ilə bərabər gətirdiyi qum, palçıq və iri qaya parçaları tökülüb, yolların bəzi hissələri yararsız hala düşüb, suötürücü borulara, körpülərə ziyan dəyib.
Həmin yollarda yaranmış problemlə bağlı məlumat daxil olan kimi dərhal qeyd olunan ərazilərə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin “11 N-li Yol İstismarı” MMC-nin xüsusi texnikaları və canlı qüvvəsi səfərbər olunub.
Yollarda aparılan təxirəsalınmaz tədbirlər nəticəsində hərəkətin fasiləsizliyi və təhlükəsizliyi təmin olunur. Həmin yollar nəzarətdə saxlanılır, sel sularının avtomobil yollarına vurduğu ziyan aradan qaldırılır.