Daxili İşlər Nazirliyi(DİN) Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi ilə birgə vətəndaşların ərzaq təhlükəsizliyinin təmin edilməsi istiqamətində növbəti əməliyyat tədbiri keçirib.
YeniAvropa xəbər verir ki, bu barədə DİN-in mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, tədbir zamanı Cəlilabad rayonunda qidaya yararsız və ölü at ətinin mal əti adı altında satışını təşkil edən Səbuhi Abbasov saxlanılıb.
Araşdırmalarla müəyyənləşdirilib ki, həmin şəxs Cəlilabad və ətraf rayonlardan xəstə, artıq təsərrüfatda istifadə edilməyən, ölmüş atları ucuz qiymətə alaraq həyətyanı sahəsində emal edəndən sonra mal əti adı altında satışı ilə məşğul olub.
DİN və Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Səbuhi Abbasovun Cəlilabad rayonunun Maşlıq kəndindəki həyətyanı sahəyə və saxlanc yerinə baxış keçirərkən qidaya yararsız 2 tondan çox at əti maddi sübut kimi götürülüb.
Təyin olunmuş müvafiq ekspertizalar zamanı aşkarlanmış ətin qidaya yararsız və insan sağlamlığı üçün ciddi təhlükə mənbəyi olduğu təsdiqlənib.
Faktla bağlı araşdırmalar davam etdirilir.