İyunun 15-i gecə saatlarında Qubada yağan güclü leysan yağışları səbəbindən yaranan sel suları Quba-Xınalıq yolunun bağlanmasına səbəb olub.
YeniAvropa xəbər verir ki, yolun 50-57-ci kilometrliklərində dağlardan qopan torpaq kütləsi və daş parçaları yolun hərəkət hissəsinə tökülüb. Yolda avtomobillərin hərəkətinin bərpası üçün Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin yerli qurumunun texnikaları əraziyə cəlb olunub.
Leysan yağışları nəticəsində yaranan sel Bostankeş kəndində həyətlərə dolub, fərdi təsərrüfatlar və yol infrastrukturu da yararsız hala düşüb.
Quba Rayon İcra Hakimiyyətindən bildirilib ki, hazırda selin törətdiyi fəsadların aradan qaldırılması üçün müvafiq tədbirlər görülür.