Dünyaşöhrətli 4 əsas səyahətçilər şəbəkəsindən biri olan MTP (Most Traveled People) təşkilatının 14 ölkəni (ABŞ, Britaniya, Almaniya, Avstriya, İtaliya, İspaniya, Ukrayna, Rusiya, Türkiyə, Rumıniya, Filippin, Avstraliya, CAR və Santa Lusia) təmsil edən geniş heyəti Qarabağ və Şərqi Zəngəzura səfəri çərçivəsində Şuşa şəhərinə gəliblər.
YeniAvropa xəbər verir ki, beynəlxalq səyahətçilər səfər zamanı Şuşa şəhəri, buranın tarixi məkanları və əsrarəngiz təbiəti, həmçinin şəhər işğaldan azad olunandan sonra Azərbaycan dövlətinin həyata keçirdiyi bərpa-quruculuq işləri ilə tanış olacaqlar.
Qeyd edək ki, qrupa MTP-nin rəhbəri Charles Veley başçılıq edir.
Səfər işğaldan azad edilmiş ərazilərin "black tourism" çərçivəsində tanıdılması üçün mühüm əhəmiyyət daşıyır.
Ötən iki ildə dünyanın əsas beynəlxalq səyahətçilər şəbəkələrinin (ETIC, MTP, TCC, NomadMania) və Türkiyə Gəzginlər Klubunun, Böyük Britaniyanın "Piki Reels", İsveçin "Club 100" klublarının geniş tərkibdə heyətləri 7 dəfə Qarabağ və Şərqi Zəngəzurda olub. Onlardan 1-i 2021-ci ildə, 4-ü isə 2022-ci ildə, 2-si isə 2023-cü ildə olub. Bu, sayca 8-ci analoji səfərdir.
Dünya səyyahlarının Qarabağ və Şərqi Zəngəzura intensivləşən səfərləri Azərbaycanın cəmi 44 günə azad etdiyi torpaqlarda qısa müddətdə həyata keçirdiyi nəhəng quruculuq, bərpa işlərinə olan yüksək marağı nümayiş etdirir.