logo

Azərbaycan UNESCO-nun  konfransda təmsil olunur

10:32 07-06-2023 | icon 1435
Azərbaycan UNESCO-nun  konfransda təmsil olunur

İyunun 6-da Parisdə UNESCO-nun “Mədəni özünüifadə müxtəlifliyinin qorunması və təşviqi haqqında” 2005-ci il Konvensiyasına Tərəf Ölkələrin 9-cu Konfransı işə başlayıb.

YeniAvropa xəbər verir ki, iki ildən bir keçirilən konfransın gündəliyinə konvensiya üzrə Hökumətlərarası Komitənin 2022-2023-cü illər üzrə hesabatı, yaradıcı sənayelərin inkişafı istiqamətində işlər, dövri hesabatların nəzərdən keçirilməsi, Hökumətlərarası Komitəyə seçkilərin keçirilməsi, 2024-2025-ci illər üçün komitənin fəaliyyəti və digər mövzular daxildir.

Konfransda ölkəmiz Mədəniyyət Nazirliyinin və Azərbaycanın UNESCO yanında Daimi Nümayəndəliyinin heyəti ilə təmsil olunur. Qeyd edək ki, Azərbaycan 2019-cu ildə “Mədəni özünüifadə müxtəlifliyinin qorunması və təşviqi haqqında” Konvensiyanın Hökumətlərarası Komitəsinə dörd il müddətinə üzv seçilib.

Nümayəndə heyətinin rəhbəri, mədəniyyət nazirinin müavini Səadət Yusifova konfransın açılış sessiyasında çıxış edib. “Mədəni özünüifadə müxtəlifliyinin qorunması və təşviqi haqqında” Konvensiyaya yeni qoşulan ölkələri təbrik edən nazir müavini Azərbaycanın bu konvensiyanın dəyər və prinsiplərinə sadiq olduğunu vurğulayıb. Yaradıcı sənayelərin inkişafına artan dövlət dəstəyindən danışan Səadət Yusifova Mədəniyyət Nazirliyi Aparatında bu sahə üzrə ayrıca şöbənin fəaliyyət göstərdiyini diqqətə çatdırıb.

Konfrans iyunun 8-dək davam edəcək.