Yaz mövsümü ilə əlaqədar havanın isti keçməsi bəzi moped və moto idarə edən şəxslərin təhlükəsizlik qaydalarına məsuliyyətsiz yanaşmaqla, xüsusəndə motodəbilqədən müxtəlif bəhanələrlə istifadə etmədən idarəetmə halları çoxalıb.
YeniAvropa xəbər verir ki, bunu Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin əməkdaşı, polis mayoru Araz Əsgərli bildirib.
“Əvvəla motodəbilqədən istifadə etməmək inzibati məsuliyyət formalaşdırmaqla yanaşı yol-nəqliyyat hadisəsi zamanı təhlükəsizliyin təmin olunması riskini artırır. Bu da ən ağır yol-nəqliyyat hadisələrində faciələrə yol açır. Bütün moped və moto idarə edən sürücülərə, eləcə də onların sərnişinlərinə nəzərdə tutulan qaydalara ciddi riayət etməyi, özlərinin və sərnişinlərinin həyat və sağlamlığına biganə qalmamağı xahiş edirik. Motodəbilqədən istifadə etməyən sürücüləri İnzibati Xətalar Məcəlləsinin 329.2-ci və 338.4.4-cü maddələrinə əsasən 40 manat, sərnişinləri isə 338.3-cü maddəyə əsasən 30 manat məbləğində cərimə olunmaqla məsuliyyətə cəlb edilməsi qanunla nəzərdə tutulur. Gündəlik həyat tərzimizdə hərəkət iştirakçısı kimi təhkükəsizlik mədəniyyətinin ən yüksək səviyyədə təbliğatının məhz məsuliyyətli davranış sərgiləməklə ətrafdakı insanlara nümunə olduğunu unutmamağı bir daha hər bir şəxsdən xahiş edirik”, - deyə Araz Əsgərli vurğulayıb.